Məşhurlar arasında evdə qarderobların peşəkar şəkildə təşkil etdirilməsi yeni trendə çevrilib.




Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorluq, müğənnilik və futbol dünyasından olan bir çox tanınmış sima qarderoblarını səliqəyə salmaq üçün peşəkar stilistlərin xidmətindən yararlanır.


 


Məlumata görə, bu xidmətin qiyməti qarderobun ölçüsündən və içindəki geyimlərin sayından asılı olaraq 50 min (1950 manat) - 150 min (5850 manat) türk lirəsi arasında dəyişir.




Aktrisa Hande Erçel və bacısı Qamze Erçel, aktrisa Pelin Akıl, müğənni Merve Özbey, eləcə də futbolçular Nuri Şahin və Cenk Tosun qarderoblarını təşkil etdirmək üçün stilistlərlə əməkdaşlıq ediblər. Bildirilir ki, məşhurlar sıx iş qrafiklərinə görə bu xidməti daha praktik hesab edirlər.




Peşəkar təşkilatçılarla razılaşmaya əsasən, ödəniş qarderobun ölçüsünə və əşyaların sayına görə müəyyən olunur. Təyin edilmiş gündə stilistlər evə gələrək geyimləri rənginə və istifadə məqsədinə uyğun şəkildə çeşidləyir. Daha sonra isə fərdi kombinlər hazırlanır, hansı geyimlərin bir-biri ilə uyğunlaşdırıla biləcəyi barədə məsləhətlər verilir.




Son dövrlər bu xidmətin məşhurlar arasında sürətlə yayılması qarderob təşkilatçılığına olan marağın artdığını göstərir.




Fidan Hacızadə

Sfera.az