ABŞ və Qərbin artan təzyiqləri fonunda İranla Çin arasında siyasi və hərbi yaxınlaşma açıq şəkildə müşahidə olunur. Pekin Tehranla hərbi-texniki əməkdaşlığı genişləndirərək silah satışı, PUA texnologiyaları, birgə təlimlər və kəşfiyyat mübadiləsi sahələrində fəallaşır. Bu proses Çinin Yaxın Şərqdə təsir imkanlarını artırmaq, ABŞ-nin regiondakı manevr sahəsini daraltmaq məqsədlərinə xidmət edir. İran üçün isə bu əməkdaşlıq sanksiyalar şəraitində hərbi potensialını qorumaq və gücləndirmək baxımından mühüm strateji dəstək rolunu oynayır. 




Bu əlaqələrin davamı kimi Çin İranı öz təsiri altına sala bilərmi? ABŞ Çinin İranda möhkəmlənməsinə razı olarmı?




Sfera.az-a bu barədə açıqlama verən siyasi ekspert Çingiz Şahbazinin fikrinə əsasən, əlbəttə ki, Çin böyük dövlətdir və böyük iqtisadiyyata sahibdir: 




“Bu baxımdan Çin dünyada və xüsusilə də regionda baş verənləri istər siyasi, istərsə də iqtisadi baxımdan dəyərləndirmək məcburiyyətindədir. Hazırda ABŞ-İran arasında baş verən gərginlik Çinin hərəkətə keçməsinə münbit şərait yaradıb və Rusiya-Ukrayna müharibəsində olduğu kimi, Çin ABŞ-İran arasında baş verən münaqişədən də öz mənafeyi üçün istifadə etmək istəyir və həmçinin silah satışı və digər sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirir. Çin qazanc əldə etmək üçün indiki məqamda İrandan ucuz enerji alır, geosiyasi təsir mexanizmlərini artırır və ABŞ-nin bölgədəki manevr təsirlərini azaltmaq üçün yaranmış fürsəti dəyərləndirir. Əlbəttə ki, burada İran da qısamüddətli olsa da qazanır. Sanksiyalardan və digər təzyiqlərdən qorunmaq üçün nəfəs alır. Əlbəttə ki, bütün bunlar ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə yürütdüyü səhv siyasətin nəticəsidir və hesab edirəm ki, yaxın gələcəkdə bu yürüdülən siyasət səbəbindən ABŞ siyasi və iqtisadi baxımdan bu regionda ciddi itkilərə məruz qalacaq. İranı tam təcrid etmək siyasəti və nəticədə kompromisə məcbur etmək strategiyası burada nəticə vermədi və əksinə, İran alternativ güclərə tərəf daha çox yönəldi. İran hakimiyyəti artıq ABŞ-yə güvənmir və ABŞ-nin etibarlılığı zəiflədi. Çin İran üçün sabit tərəfdaş kimi göründü. ABŞ faktiki olaraq İranı Çinə tərəf özünün səhv siyasəti ilə itələmiş oldu”.


 





Ç.Şahbazi ABŞ-nin Yaxın Şərqdə səhvləri təkrarladığını və məhz İrana qarşı təhdidlərin nəticəsi olaraq bu gün İran rejimi Çindən aldığı silahlarla ordusunun əlini daha da gücləndirdiyini qeyd edib:


 


”Dolayısı ilə ABŞ İranın silahlanmasına şərait yaratmış olur. Gedişat onu göstərir ki, ABŞ Yaxın Şərqdə mövqelərini itirdikcə Çin aktiv oyunçuya çevrilir. Artıq Avropa ölkələri arasında Çinlə əlaqələrini genişləndirən ölkələr var və Çinə Avropa ölkələri liderlərinin səfərləri intensivləşib. Heç şübhəsiz ki, ABŞ-nin bu siyasəti İsrailin hərbi və siyasi üstünlüyünü regionda artırmaq məqsədi daşıyır və nəticədə ABŞ illərlə əldə etdiyi mövqelərini itirməklə üz-üzə gəlməkdədir. Bu baxımdan Çin-İran münasibətlərində genişlənən əməkdaşlıq əlaqələrini vassallıq kimi yox, asimmetrik tərəfdaşlıq olaraq dəyərləndirmək lazımdır. Çünki İran üçün indiki məqamda PUA texnologiyaları, birgə təlimlər, kəşfiyyat mübadiləsi və digər sahələrdə Çinlə əməkdaşlıq əlaqələrini genişləndirmək İranı istər siyasi cəhətdən, istərsə də hərbi baxımdan güclü göstərir və ordudakı peşəkarlığı artırır. Əlbəttə ki, strateji baxımdan İran Çindən daha çox asılı vəziyyətə düşür, amma indiki mərhələdə bu, İran üçün əvəzolunmaz nəfəslik rolunu oynayan əməkdaşlıqdır və hesab edirəm ki, İran heç vaxt Çinin “peyki” olmayıb və bundan sonra da olmayacaq”.


 


Fidan Hacızadə

Sfera.az