İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə nüvə danışıqlarının bərpası ilə bağlı müvafiq qurumlara göstəriş verib. Bu barədə İranın “SNN” xəbər agentliyi məlumat yayıb.


 


Qeyd olunur ki, qərar regionda artan gərginlik, sanksiyaların İran iqtisadiyyatına təsiri və beynəlxalq diplomatik fəallığın gücləndiyi bir dövrdə verilib. Rəsmi Tehranın bu addımı həm daxili, həm də xarici siyasət baxımından diqqətlə izlənilir.


 


Maraqlıdır, bu qərar regionda və Tehran-Vaşinqton münasibətlərində hansı real dəyişikliklərə səbəb ola bilərmi? Bu addım daha çox taktiki xarakter daşıyır, yoxsa İranın xarici siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər?


 


Politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə nüvə danışıqlarının bərpası ilə bağlı göstərişi regionda gərginliyin azaldılması istiqamətində müəyyən diplomatik siqnal kimi oxuna bilər. Onun sözlərinə görə, bu addım ilk növbədə Tehran-Vaşinqton xəttində uzun müddətdir donmuş qalan dialoq imkanlarının tamamilə bağlanmadığını göstərir:


 



 


“Əgər proses real danışıqlara çevrilsə, bu, sanksiya rejiminin yumşaldılması, İran iqtisadiyyatına nəfəs verilməsi və regionda eskalasiya riskinin müəyyən qədər azalması ilə nəticələnə bilər. Lakin indiki mərhələdə bu qərarın dərhal və köklü dəyişikliklər yaradacağını gözləmək çətindir, çünki tərəflər arasında etimad böhranı hələ də dərin olaraq qalır”.


 


Politoloq qeyd edib ki, digər tərəfdən, bu göstərişin daha çox taktiki xarakter daşıdığı ehtimalı da güclüdür:


 


“İran bir tərəfdən hərbi və təhlükəsizlik təzyiqlərinin artdığını görür, digər tərəfdən daxili iqtisadi və sosial narazılıqları idarə etmək məcburiyyətindədir. Bu kontekstdə danışıqlara açıq mesaj vermək Tehranın vaxt qazanmaq, beynəlxalq təzyiqi azaltmaq və mümkün hərbi ssenarilərin qarşısını almaq cəhdi kimi də qiymətləndirilə bilər. Ona görə də bu addımı hələlik İranın xarici siyasətində köklü dönüşdən çox, dəyişən regional və qlobal şəraitə uyğunlaşdırılmış praqmatik manevr kimi dəyərləndirmək daha real görünür”.


 


Niyaz Hacıyev


Sfera.az