Ötən ay Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz və planşetlərdə) süni intellekt (AI) chatbotu olan ChatGPT-nin bazar payı 84,62% təşkil edib. "Statcounter" agentliyinin məlumatına görə, bu, dekabr ayına nisbətən 6,16 faiz bəndi azdır.
Beləliklə, ChatGPT-nin bazar payı ardıcıl olaraq ikinci aydır ki, azalır və ümumi azalma 10%-i ötüb.
Azərbaycanda AI chatbot bazarında ChatGPT-nin payının düşməsi yerli istifadəçilərin ehtiyaclarına uyğunlaşma problemləri ilə bağlı ola bilərmi? Mövcud statistika fonunda yaxın aylarda ChatGPT-nin Azərbaycandakı mövqeyinin daha da zəifləməsi ehtimalı varmı, yoxsa bu, müvəqqəti dalğalanmadır?
Suallarımızı cavablandıran süni intellekt mütəxəssisi Ümid Salay Sfera.az-a açıqlamasında bildirib ki, ChatGPT-nin bazar payının azalmasını tək bir səbəblə izah etmək düzgün olmaz.
Onun sözlərinə görə, burada həm alternativ süni intellekt platformalarının aktivləşməsi, həm də istifadəçi davranışlarında baş verən dəyişikliklər paralel şəkildə rol oynayır:
“Uzun müddət ChatGPT faktiki olaraq alternativsiz lider idi və 2024-cü ilin əvvəlində qlobal generativ AI bazarının 75–80%-ni nəzarətdə saxlayırdı. 2025-ci ilin sonuna doğru bu göstəricinin 60–68% aralığına düşməsi liderliyin itirilməsi yox, daha çox bazarda inhisarın qırılması kimi qiymətləndirilməlidir. Yəni ChatGPT zəifləməyib, sadəcə rəqabət real şəkildə formalaşmağa başlayıb. Bu dövrdə ən ciddi yüksəlişi Google Gemini göstərdi: onun bazar payının 2–3%-dən 15–18%-ə qədər artmasının əsas səbəbləri vizual yönümlü alətlərin təqdim olunması, lokal bazarlarda daha aktiv strategiya və xüsusilə Gemini 3 modelinin real istifadə ssenarilərində güclü performans göstərməsi ilə bağlıdır”.
Ekspert qeyd edib ki, Azərbaycan bazarında ChatGPT hələ də açıq lider mövqeyini qoruyur və 84%-dən yuxarı pay buna sübutdur:
“Lakin son aylarda müşahidə olunan azalma və Gemini-nin qısa müddətdə payını artırması yerli istifadəçilərin də qlobal trendləri izlədiyini göstərir. Bu, ChatGPT-nin yerli ehtiyaclara cavab verməməsi ilə deyil, istifadəçilərin artıq tək alətlə kifayətlənməməsi ilə bağlıdır. Gözləntilərə görə, 2026-cı il Gemini üçün daha güclü ola bilər, ChatGPT isə liderliyini qorusa da, artıq tək oyunçu olmayacaq. Əsas dəyişiklik platformaların adında yox, istifadə vərdişlərində baş verir: istifadəçilər konkret tapşırığa uyğun alət seçir və bu da bazarı daha balanslı, daha rəqabətli hala gətirir. Bu baxımdan, ChatGPT-nin Azərbaycandakı mövqeyindəki dəyişikliklər kəskin zəifləmə deyil, müvəqqəti dalğalanma və bazarın sağlamlaşması kimi dəyərləndirilməlidir”.
Niyaz Hacıyev
Sfera.az