Gəncə Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürüb, hadisə yerindən qaçmaqda təqsirləndirilən Elvin Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


 


Sfera.az pravda.az-a istinadən xəbər verir ki, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


 


Məhkəmənin hökmü ilə E.Əliyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 9 ay 8 gün müddətə azadlıqdan məhrum edilib.


 


İttiham aktına əsasən, ağır yol-nəqliyyat hadisəsi 2025-ci il avqustun 1-də, saat 1 radələrində Bakı-Qazax magistral avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən 463-cü kilometrliyində baş verib.


 


Belə ki, Elvin Əliyev sərxoş vəziyyətdə, etibarnamə olmadan və sürücülük vəsiqəsi ilə atasına məxsus "Mercedes-Benz E-220" markalı avtomobili idarə edib. O, Bakı istiqamətində hərəkətdə olarkən sürət həddini aşıb. Nəticədə Elvin maşınla həmin vaxt yolu keçən piyada - 2004-cü il təvəllüdlü Elgün Valeh oğlu Fəziyevi vurub.


 


Hadisə zamanı piyada başın ağır küt travması, qapalı kəllə-beyin travması, sağ ənsə-gicgah nahiyəsinə qansızma, sağ ənsə nahiyəsinin əzilmiş yarası, həmçinin bədənin müxtəlif səthi sıyrılmış yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli sayılan ağır bədən xəsarətləri alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin ölümü alınmış xəsarətlər nəticəsində beyinə qansızma və ödem fonunda yaranmış mərkəzi tipli ağciyər-ürək çatışmazlığından baş verib.


 


Bundan başqa, ittihamda göstərilir ki, təqsirləndirilən E.Əliyev yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxsə hər hansı yardım göstərməyib, aidiyyəti dövlət orqanlarına məlumat vermədən hadisə yerindən qəsdən qaçıb.


 


Hadisədən sonra Elvin Əliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.