Azərbaycanda onkoloji tibbi xidmətlərin göstərilməsi sahəsində mühüm dəyişiklik gündəmə gəlib.
Milli Məclisin plenar iclasında müzakirə edilən “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişikliklərlə artıq özəl tibb müəssisələrinə də onkoloji xidmətlərin göstərilməsinə icazə veriləcək.
Eyni zamanda, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi və müalicə müəssisəsini seçmək hüququnu təsbit edir. Lakin “Onkoloji yardım haqqında” Qanuna görə vətəndaşlar yalnız dövlət müəssisələrində xidmət ala bilirlər. Bununla bağlı hər hansı özəl müəssisənin fəaliyyəti lisenziyadan kənar hesab olunur və məsuliyyətə cəlb edilir.
İndiyədək bu sahə yalnız dövlət tibb müəssisələrinin səlahiyyətində olub və onkoloji xidmətlər xüsusi icazə və lisenziya əsasında məhdud çərçivədə həyata keçirilirdi. Özəl xəstəxanaların bu prosesə cəlb olunmaması isə illərdir müzakirə mövzusu idi. Yeni qərar cəmiyyət üçün həm ümidverici, həm də bir sıra suallar doğuran məqamlarla yadda qalıb. Xüsusilə, onkoloji xidmətlərin özəl sektorda necə və hansı mexanizmlə həyata keçiriləcəyi, bu xidmətlərin ödənişli olub-olmayacağı, həmçinin mövcud səhiyyə sisteminə və xəstələrin yükünə təsiri maraq doğurur.
Mövzu ilə bağlı Sfera.az Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli ilə əlaqə saxlayıb. Deputat bildirib ki, hazırda onkoloji xəstələrə yardım dövlət proqramı çərçivəsində yalnız dövlət müəssisələrində aparılır:
“Onkoloji xidmətlərin böyük hissəsi icbari tibbi sığorta çərçivəsinə daxil deyil və yalnız bəzi müayinə metodları sığorta proqramı çərçivəsində təmin olunur. Özəl tibb müəssisələrində isə xidmətlər ödənişli olacaq, dövlət müəssisələrində müalicə alanlar isə dövlət hesabına xidmət almağa davam edəcək”.
Deputatın sözlərinə görə, özəl klinikaların onkoloji xidmət göstərməsi üçün müəssisələr müəyyən texniki və kadr tələblərinə cavab verməlidir. Qanun qəbul edildikdən sonra Səhiyyə Nazirliyi müvafiq təlimatlar hazırlayacaq və bu təlimatlarda xidmətin göstərilməsi üçün bütün kriteriyalar detallı şəkildə göstəriləcək.
Özəl tibb müəssisələrində onkoloji xidmətlərin göstərilməsi müəssisələrin Səhiyyə Nazirliyinin təyin etdiyi standartlara cavab verməsi təsdiq olunduqdan sonra lisenziyalaşma yolu ilə həyata keçiriləcək.
“Hazırda qanunvericilikdə onkoloji yardımın çeşidliliyi artırılır. Məqsəd odur ki, gələcəkdə bütün xidmətlər İcbari Tibbi Sığorta ilə əhatə olunsun. Dövlət müəssisələri indiyədək məhdud sayda spesifik xidmət göstərir, bu isə xəstə yükünü artırır. Özəl müəssisələrin cəlb olunması bu yükü azaldacaq. Bütün proseslər, müalicə protokolları Səhiyyə Nazirliyi və Respublika Onkologiya Mərkəzinin tibbi və elmi istiqamətləri çərçivəsində həyata keçirilir,”- Müşfiq Məmmədli qeyd edib.
Qeyd edək ki, Milli Məclisin deputatı Hicran Hüseynova parlament iclasında açıqlayıb ki, 2020-ci ildə ölkədə 21 888 nəfər onkoloji xəstə qeydiyyata alınmışdısa, 2024-cü ildə bu rəqəm 73 885 nəfərə yüksəlib. Bu isə son 4 ildə xəstəliklərin sayının təxminən 3,5 dəfə artması deməkdir.
Deputat əlavə edib ki, artım xüsusilə uşaq xəstələr arasında nəzərə çarpır; statistikaya görə, hazırda hər 100 min nəfərə 7,1 uşaq düşür və son 14 ildə uşaqlarda onkoloji xəstəliklərin sayı 2 dəfə artıb.
Firuzə Əliyeva
Sfera.az