ABŞ-nin İrana qarşı hərbi ssenariləri gündəmdə saxlaması fonunda Çin və Rusiyanın da Tehranı mümkün qarşıdurmaya hazırladığı iddia olunur. Məlumatlara görə, Pekin İranın hava məkanının qorunması üçün müasir hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsində aktiv rol oynayır, eyni zamanda ballistik raket texnologiyalarının ötürülməsinə dəstək verir. Rusiya isə hərbi-texniki əməkdaşlıq çərçivəsində kəşfiyyat mübadiləsi, təlim və silah modernizasiyası sahələrində İranla əlaqələri dərinləşdirir.




İranın müdafiə qabiliyyətinin gücləndirilməsi ABŞ-ni qorxuda bilərmi, Vaşonqton müharibə qərarından imtina edə bilərmi?




Sfera.az-a mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib ki, əgər İranın hava hücumundan müdafiə sistemi güclənərsə və bu prosesdə Çinlə Rusiya onun arxasında açıq şəkildə dayanarsa, mənzərə tam dəyişə bilər: 


 





“Belə vəziyyətdə hərbi əməliyyat planı əvvəlki kimi sadə görünməyə bilər. Çünki güclü hava müdafiəsi o deməkdir ki, ilk zərbələr gözlənilən effekti verməyə, eyni zamanda əməliyyat uzana və risklər arta bilər. Amerika Birləşmiş Ştatları adətən hərbi qərar verəndə iki əsas suala cavab axtarır: bu əməliyyat nə qədər tez başa çatacaq və nəticə nə qədər effektiv olacaq? Yuxarıdakı ssenari zamanı bu iki sualın cavabı qeyri-müəyyən ola bilər. Bu isə o deməkdir ki, müharibə başlasa, proses uzana, xərclər arta, itkilər çoxala və regionda daha geniş gərginlik yarana bilər. ABŞ üçün ən arzuolunmaz ssenari isə nəzarətdən çıxan, uzunmüddətli qarşıdurmadır”.




Ü.Zülfiqar digər mühüm məqamın, burada İranın öz gücündən çox, Çin və Rusiyanın siyasi və hərbi dəstəyinin də olduğunu vurğulayıb: 




“Belə vəziyyətdə münaqişə yalnız iki ölkə arasında qalmaya bilər. Böyük güclərin maraqlarının toqquşduğu mühitdə isə hərbi qərar vermək daha mürəkkəb olur. Hava müdafiəsinin güclənməsi texniki baxımdan ABŞ-ni tam dayandırmasa da, əməliyyatın “tez, dəqiq və az itki ilə” başa çatacağına dair hesablamalarını dəyişə bilər. Çünki məsələ artıq təkcə zərbə endirmək deyil, sonrakı mərhələni də nəzərə almaqdır. Məhz buna görə belə şəraitdə ABŞ hərb variantını dərhal işə salmazdan əvvəl daha uzun müddət düşünə, siyasi, iqtisadi və diplomatik təzyiq mexanizmlərini daha aktiv şəkildə tətbiq etməyə üstünlük verə bilər. Yəni sözügedən ssenari işə düşdüyü halda bu ABŞ-ni hansısa bir qərardan dərhal imtinadan çox, onu daha ehtiyatlı davranmağa sövq edə bilər”.




Fidan Hacızadə

Sfera.az