Türkiyə regional diplomatiyada önəmli rol oynayan güclü aktora çevrilməkdə davam edir. Əldə edilən razılaşmaya əsasən, ABŞ və İran arasındakı danışıqlar İstanbulda keçiriləcək. Bu fakt Türkiyənin vasitəçilik qabiliyyətinə verilən etimadın göstəricisidir. Son illərdə Türkiyə yalnız öz qonşuluğunda deyil, ona yaxın regionlarda baş verən münaqişələrdə də sülh tərəfdarı və vasitəçi mövqeyini təsdiqləyib.
Bəs Türkiyənin bu vasitəçilik rolu onun regional mövqeyini uzunmüddətli perspektivdə gücləndirəcək?
Sfera.az-a bu haqda açıqlama verən siyasi şərhçi Tural İrfanın sözlərinə əsasən, Türkiyənin regional aktora çevirməsi nəticədə bölgədə baş verə biləcək müharibələrin də qarışını almağa kömək edir:
“Bu, eyni zamanda müttəfiq kimi Azərbaycanın da xeyrinədir. ABŞ-nin İrana müdaxiləsinin qarşısının alınmasında Türkiyənin rolunun olması İran üçün utancverici olmalıdır. Çünki İran rejimi dünənə kimi Türkiyəni ittiham edir, daxildə məzhəbçi və agent şəbəkələri quraraq ölkəni təxribat yuvasına çevirmək istəyirdi. Bu hərəkətlərdə əsas məqsəd Suriyanın Türkiyənin əlindən çıxarılması idi. Digər tərəfdən də Nuri Malikini İraqda hakimiyyətə gətirmək istəyir ki, Suriyaya savaş açaraq Türkiyə maraqlarına zərbə vursun. Lakin bu halda belə Türkiyə İrana kömək etdi və ən azı savaşın danışıqlarla əvəzlənməsinə nail oldu. Təbii ki, bu həm də Türkiyənin öz maraqları naminədir. Amma İran rejiminə etibar etmək olmaz”.
Ekspertin fikrincə, danışıqların İstanbulda keçirilməsi Türkiyənin nüfuzunun böyüklüyünü göstərir:
“Türkiyənin həm regional mövqeyi həm də dünyadakı nüfuzu artır. Hesab edirəm ki, bu danışıqlar sayəsində Türkiyə öz müsbət tarixi missiyasını yerinə yetirir. Bir müsəlman türk dövləti olaraq qonşuya qarşı sədaqətini göstərir. Lakin İran başqa cür davranıb. ABŞ vaxtilə müsəlman ölkəsi Əfqanıstan və İraqı işğal edəndə işğala şərait yaratdı Qərbə dəstək verdi. Düşünürdü ki, Qərb işğal etdiyi ölkələrdə İrana da imkanlar yaradacaq. Amma onlar işlərini bitirdikdən sonra İrana qarşı yönəldilər. Türkiyə İranı xilas edə bilər. Lakin İsrail Türkiyəyə qarşı hücum planlaşdırarsa, İran mütləq dolayı yolla da olsa, İsrailin tərəfində olacaq. Türkiyənin bugünkü nüfuzunu və regional qüdrətini də İran həzm edə bilmir. Hər bir halda Türkiyənin nüfuzu sayəsində belə bir danışıqlar baş tutacaqsa və bu danışıqlar nəticəsində müharibə təhlükəsi aradan qalxacaqsa Türkiyənin siyasi nüfuzu yüksələcək”.
Bəsti Rəfizadə
Sfera.az