Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında təklif eilən dəyişikliklərə əsasən, Moskva və Qars müqavilələrinin adı ana qanundan çıxarılacaq. Hazırda qüvvədə olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambula hissəsində qeyd edilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir. 




Təklif edilən yeni redaksiyada isə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir. 




Bəs bu dəyişikliyin əhəmiyyəti nədən ibarətdir?




Sfera.az-a bununla bağlı açıqlama verən siyasi ekspert Natiq Mirinin fikrinə əsasən, 1921-ci ildən üzü bəri zaman nöqteyi-nəzərindən bir əsrdən çox vaxt keçib və yaranmış yeni vəziyyət Azərbaycana sözügedən dəyişiklikləri etməyə imkan verir:


 





“Ona görə də artıq Naxçıvanın Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi olduğu və heç bir şübhə daşımadığı məsələsi gündəmə gətirilir və bu, hüquqi cəhətdən açıq şəkildə təsbit olunur. Yəni 1991-ci il 30 avqust tarixli dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyannamədə və oktyabrın 18-də qəbul edilən Azərbaycanın Konstitusiya Aktında da bu məsələlər qeyd olunub və eyni zamanda Birləşmiş Millətlər Təşkilatı səviyyəsində, yəni beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq hüquq nöqteyi-nəzərindən Naxçıvan Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Bu səbəbdən də açığı, 1921-ci il istər Moskva, istərsə də Qars müqavilələrinin xatırlanmasına ehtiyac qalmayıb. Artıq həm tarixi, həm də hüquqi cəhətdən birmənalı olaraq Naxçıvan Azərbaycanın tərkib hissəsidir. Bu hüquqi anlayış Konstitusiyada heç bir əlavə qeydə ehtiyac olmadan təsbit olunur. Bu, müəyyən perspektivlər vəd edir. 

Onu da deyim ki, bu, dövlət adına strateji bir qərardır. Hətta perspektivdə ola bilsin ki, tamamilə başqa siyasi hadisələr də baş versin, yaransın və müşahidə olunsun”.




N.Miri bunlardan ilkinin perspektivdə Naxçıvanın Muxtar Respublika statusunun ləğvi məsələsinin də gündəmə gəlməsinin mümkün olduğunu qeyd edib: 




“Çünki Naxçıvan artıq Azərbaycanın birmənalı şəkildə tərkib hissəsidir və eyni zamanda hər hansı etnik fərqliliyi, yəni milli azlıqların sıx yaşadığı bir ərazi kimi ortalığa çıxmır. Bu vəziyyətdə Naxçıvana xüsusi muxtar respublika statusunun verilməsi indiki müasir şəraitdə o qədər də anlamlı görünmür. Yəni sabah referendum keçirilib bu muxtar respublika anlayışının ləğvi məsələsi gündəmə gələrsə, mən qətiyyən təəccüblənmərəm. Ancaq bundan da irəli gedən, daha uzaq nəticələrə yönəlik siyasi-hüquqi hadisələr də yaşana bilər. Sadəcə bunlar barədə hələlik danışmaq erkəndir, tezdir. Ona görə də düşünürəm ki, hər bir halda bu qərar Azərbaycan dövlətinin strateji və siyasi hədəflərini göstərir və bu baxımdan çox əhəmiyyətli bir hüquqi dəyişiklik kimi dəyərləndirilməlidir. Hər bir halda mən prosesi belə dəyərləndirir və perspektivi də bu şəkildə görürəm”.




Fidan Hacızadə

Sfera.az