Müasir həyatın sürətli ritmi və gündəlik stress insan sağlamlığına birbaşa təsir edir. Xüsusilə qadınlar arasında stress səbəbilə yemək və nəticədə kilo alma problemi aktual məsələyə çevrilib.


 


Bəzən insanlar yorğunluq, narahatlıq və emosional gərginliyi yemək vasitəsilə dəf etməyə çalışırlar, amma bunun psixoloji və fiziki təsirləri fərqli ola bilər.


 


Bu kontekstdə bəzi suallar ortaya çıxır: Həqiqətən stress yeməklə dəf olunur, yoxsa bu yalnız psixoloji bir təsirdir? Diyetoloqlar belə vəziyyətlərdə hansı tövsiyələri verirlər?


 


Diyetoloq Ləman Süleymanova Sfera.az-a açıqlamasında bildirib ki, piylənmə müasir cəmiyyətin ən qlobal problemlərindən biridir və onun səbəbləri müxtəlifdir. Onun sözlərinə görə, çox qidalanmanın əsas səbəblərindən biri stresdir:


 



 


“Bəzən insan durmadan qidalanır, bunun başlıca səbəbi isə stresdir. Stresdən yaranan piylənmə bəzən günlərlə, hətta aylarla davam edir və insan bunun fərqinə varmır. Anidən qəflət yuxusundan ayıldığında aynaya baxır və özünü tanımır. Bu vəziyyətə emosional qidalanma deyilir. Stress və gərginlik zamanı stress hormonları aktivləşir, kartizol səviyyəsi artır və insan durmadan yemək istəyir. Aclıq hormonları da aktivləşdiyindən, insanın iştahı daha da artır və nəticədə “vəhşi” iştah əmələ gəlir”.


 


Diyetoloq qeyd edib ki, çox yemək mədəaltı vəzi hormonlarını daha da aktivləşdirir və bu vəziyyət insulin ifrazının artmasına səbəb olur:


 


“Əgər bu proses günlərlə və aylarla davam edərsə, çəki artacaq, insulin dirənci yaranacaq, qanda xolesterol səviyyəsi yüksələcək və qaraciyər xəstəlikləri meydana çıxacaq. Bu səbəbdən stress zamanı özümüzü idarə etmək çox vacibdir, çünki stressdən qaynaqlanan qidalanma müxtəlif sağlamlıq problemlərinə gətirib çıxara bilər".


 


Mövzunu psixoloji aspektdən şərh edən Ailə və Uşaq psixoloqu Aynur İsmayılova isə bildirib ki, yemək yemək normalda qida balansımızı ödəməklə yanaşı, eyni zamanda insanı sakitləşdirən bir vasitə kimi də qəbul olunur:


 



 


“Bir çox hallarda əsəbi, acıqlı və ya gərgin olduğumuz zaman “nəsə yeyim, sakitləşim” düşüncəsi yaranır. Bu isə zamanla yemək pozuntularına gətirib çıxarır. Əslində bu davranış basdırılmış aqressiv halın göstəricisidir və insan yemək vasitəsilə özünü sakitləşdirməyə çalışır. Məhz bu səbəbdən xüsusilə qadınlar stress, aqressiya və ya narahatlıq yaşadıqları zaman yeməyə daha çox meyil göstərirlər”.


 


Psixoloq qeyd edib ki, bəzən insanlar tox olduqları halda belə yeməyə davam edirlər:


 


“Bu, mübahisədən qaçmaq, stressi basdırmaq və emosional gərginliyi azaltmaq cəhdi kimi ortaya çıxır. Lakin tox olduğu halda yemək yemək hansısa hiss və duyğunu basdırmaq anlamına gəlir və bu, problemi həll etmir. Əksinə, belə davranış kilo artımına, müxtəlif sağlamlıq problemlərinə və bədən xəstəliklərinə səbəb olur”.


 


Niyaz Hacıyev


Sfera.az