Bütün dövlərdə valideynlər övladlarına daha fərqli və diqqətçəkən adlar qoymağa üstünlük veriblər. Bəzən bu adlar qeyri-adi səslənişi, bəzən isə cəmiyyətdə qeyri-adi mənası ilə müzakirələrə səbəb olur. Mütəxəssislər isə uşaqlara verilən adların onların psixoloji inkişafına, özünəinamına və sosial mühitdə qəbuluna müəyyən təsir göstərə biləcəyini bildirirlər. 




Bəs uşaqlara qoyulan qəribə və ya cəmiyyət üçün fərqli hesab olunan adlar onların psixoloji inkişafına necə təsir göstərir? Ümumiyyətlə, adlar insan həyatına təsir edirmi?




Bu haqda Sfera.az-a açıqlama verən psixoloq Nizami Orucovun fikrincə, uşağa verilən ad onun kimliyinin ilk və ən əsas elementlərindən biridir:


 





“Qəribə və ya cəmiyyətdə öyrəşilməmiş adlar bəzən uşağın fərqlənməsinə səbəb ola bilər, lakin bu fərqlənmə hər zaman müsbət qarşılanmır. Xüsusilə uşaq bağçası və məktəb dövründə belə adlar uşağın diqqət mərkəzinə düşməsinə, lağa qoyulmasına və ya daim izah vermək məcburiyyətində qalmasına səbəb ola bilər. Bu da zamanla özünəinamın azalmasına, sosial çəkingənliyə və emosional narahatlığa yol aça bilər”.




Mütəxəssisin sözlərinə əsasən, adlar birbaşa taleyi müəyyən etməsə də, insanın özünü necə dərk etməsinə və cəmiyyətin onu necə qəbul etməsinə təsir göstərir:




“Ad vasitəsilə yaranan ilk təəssürat, sosial münasibətlərdə mühüm rol oynayır. Əgər ad uşaq üçün daimi stress və narahatlıq mənbəyinə çevrilirsə, bu, onun şəxsiyyətinin formalaşmasına dolayı yolla təsir edə bilər. Buna görə valideynlər ad seçərkən təkcə fərqlilik və diqqət çəkməyi deyil, uşağın gələcəkdə bu adla rahat yaşayıb-yaşaya bilməyəcəyini də nəzərə almalıdırlar”.




Bəsti Rəfizadə

Sfera.az