Fevralın 4-də Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirilir. Regionda son dövrlər müşahidə olunan geosiyasi proseslər, sülh gündəliyinin aktuallığı və tərəflər arasında normallaşma istiqamətində atılan addımlar bu görüşə marağı daha da artırır.


 


Xüsusilə də nəqliyyat-kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiyası və yekun sülh sazişi ilə bağlı müzakirələrin fonunda keçirilən bu görüşün Cənubi Qafqazın gələcək siyasi mənzərəsinə təsir edəcəyi gözlənilir.


 


Bu görüş region üçün nə vəd edir və danışıqlardan sonra hansı konkret siyasi nəticələrin ortaya çıxması mümkündür?


 


Politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, Əbu-Dabidə fevralın 4-də baş tutan bu yüksək səviyyəli görüş Azərbaycanın post-münaqişə dövründə formalaşdırdığı yeni regional nizamın praktiki təsdiqi hesab olunmalıdır:


 



 


“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji diplomatiya sülh prosesini kənar moderatorların diktəsindən çıxararaq birbaşa və nəticəyə yönəlmiş dialoq müstəvisinə daşıyıb. Bu görüşün əsas qayəsi Ermənistanın üzərinə götürdüyü öhdəliklərin kağız üzərindən real müstəviyə keçirilməsini təmin etməkdir”.


 


Politoloqun sözlərinə görə, Azərbaycanın prinsipial mövqeyini xatırladıq. T,İsmayılov qeyd edib ki, bu mövqe ondan ibarətdir ki, regionda sülh yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusən də ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında mümkündür:


 


“Bakı üçün artıq "münaqişə" anlayışı mövcud deyil, yalnız "normallaşma" gündəliyi var. Bu baxımdan, Əbu-Dabi görüşü Ermənistanın öz konstitusion və hüquqi bazasında Azərbaycana qarşı hələ də qalan iddiaları təmizləməsi üçün son şanslardan biri kimi qiymətləndirilə bilər. Geniş tərkibli format isə müzakirələrin sadəcə siyasi bəyanatlarla məhdudlaşmadığını, həm də iqtisadi-logistik (xüsusilə Zəngəzur dəhlizi və kommunikasiyaların açılması) detallarının masada olduğunu göstərir”.


 


Niyaz Hacıyev


Sfera.az