“Şalke 04” klubunun hücumçusu Moussa Silla ilə ABŞ-nin Böyük Liqa Futbolu təmsilçisi “New York City FC” (NYCFC) arasında planlaşdırılan transfer son anda baş tutmayıb.
Sfera.az xəbər verir ki, Mali millisinin üzvü olan 26 yaşlı futbolçu üçün aparılan danışıqlar tibbi müayinələrlə bağlı yaranan mübahisələr səbəbindən dayandırılıb və oyunçu Almaniya klubuna geri qayıdıb. “Şalke 04” rəhbərliyi bildirib ki, müqavilə artıq imzalanmışdı və futbolçunun sağlamlıq vəziyyəti ilə bağlı hər hansı problem yoxdur. Klub bu səbəbdən NYCFC-ni tibbi prosedurlarla bağlı qərarına görə açıq şəkildə tənqid edib.
Buna baxmayaraq, Amerika klubu transferi davam etdirməyərək Sillanın “Şalke”də qalmasına razılıq verib. Qeyd edək ki, Moussa Sillanın NYCFC-də “təyin olunmuş oyunçu” statusu ilə çıxış etməsi planlaşdırılırdı. Lakin danışıqların gözlənilmədən və ictimaiyyət qarşısında pozulması transfer prosesini tamamilə iflasa uğradıb.
Niyaz Hacıyev
Sfera.az