Son illər qida məhsullarının saxlanması və daha uzun müddət istifadə edilməsi məqsədilə dondurma üsuluna maraq xeyli artıb. Xüsusilə yay mövsümündə bol olan meyvə və tərəvəzlərin dondurularaq qış aylarında istifadəsi bir çox ailə üçün həm iqtisadi, həm də praktik çıxış yolu hesab olunur.
Bununla belə, dondurulmuş məhsulların qida dəyəri, sağlamlığa təsiri və təzə məhsullarla müqayisədə nə dərəcədə faydalı olması cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardandır.
Bəs görəsən, dondurulmuş meyvə-tərəvəzlər təzə məhsulları tam əvəz edə bilərmi və onlardan istifadə edərkən nələrə xüsusi diqqət yetirilməlidir?
Qida eksperti Fərid Səfərov Sfera.az-a açıqlamasında bildirib ki, dondurulmuş qidalar düzgün istehsal, saxlanma və istifadə şərtlərinə əməl edildikdə sağlamlıq üçün təhlükəli hesab edilmir. Onun sözlərinə görə, əksinə, bu üsul qidanın uzun müddət qorunmasının ən təhlükəsiz yollarından biri hesab olunur:
“Dondurma prosesi mikroorqanizmləri tam məhv etmir, sadəcə onların fəaliyyətini dayandırır. Əgər məhsul dondurulmazdan əvvəl gigiyenik qaydalara əməl edilməyibsə və ya artıq çirklənmiş vəziyyətdədirsə, bu problem dondurma zamanı aradan qalxmır. Əridildikdən sonra isə bakteriyalar yenidən aktivləşə bilər. Məhz bu məqam bəzi hallarda qida zəhərlənmələri ilə əlaqələndirilir və yanlış olaraq “dondurulmuş qidalar təhlükəlidir” fikri formalaşır. Ən ciddi risklərdən biri temperatur rejiminin pozulmasıdır. Dondurucuda -18°C və ya daha aşağı temperatur saxlanılmadıqda qidanın keyfiyyəti və təhlükəsizliyi azalır. Digər risk yenidən dondurmadır, bir dəfə əridilmiş qidanın təkrar dondurulması bakteriyaların çoxalması və toksinlərin yaranması ehtimalını artırır. Bundan əlavə, bəzi sənaye üsulu ilə hazırlanan dondurulmuş məhsullarda yüksək duz, şəkər və doymuş yağ miqdarı ola bilər ki, bu da uzunmüddətli istifadədə sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər”.
Ekspert qeyd edib ki, dondurulmuş qidalar etibarlı mənbədən alınmalı, qablaşdırması zədələnməmiş olmalıdır:
“Ev şəraitində dondurulan qidalar isə təmiz, hava keçirməyən qablaşdırmada saxlanmalı və üzərində dondurulma tarixi qeyd edilməlidir. Əridilmə prosesi soyuducuda və ya birbaşa bişirmə zamanı aparılmalı, otaq temperaturunda uzun müddət saxlanmamalıdır. Nəticə olaraq, dondurulmuş qidalar özlüyündə təhlükə mənbəyi deyil. Risklər əsasən yanlış saxlanma, düzgün olmayan əridilmə və keyfiyyətsiz məhsul seçimindən yaranır. Şüurlu yanaşma və sadə qida təhlükəsizliyi qaydalarına əməl etməklə dondurulmuş qidalar sağlam və təhlükəsiz şəkildə istifadə oluna bilər”.
Niyaz Hacıyev
Sfera.az