Son günlər milyarder Cefri Epşteyn işi ilə bağlı ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan istintaq materialları dünya miqyasında ən çox müzakirə olunan hadisələrdən birinə çevrilib.
Sfera.az xatırladır ki, Cefri Epşteyn 2019-cu ilin iyununda həbs edilib və həmin ilin avqustunda həbsdə olarkən müəmmalı şəkildə ölüb.
Rəsmi qurumlar hadisəni intihar kimi qeydə alsalar da, Epşteynin ölümü ilə bağlı yaranan suallar, ziddiyyətli faktlar və sonradan üzə çıxan sənədlər bu işin təkcə kriminal hadisə olmadığını, daha geniş və qaranlıq bir sistemin mövcudluğunu ortaya qoyub. Aradan illər keçməsinə baxmayaraq, Epşteyin qovluğu hələ də bağlanmayıb və hər yeni açıqlanan sənəd qlobal miqyasda ciddi rezonans doğurur.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanan milyonlarla səhifəlik yeni Epşteyin sənədləri bu işi yenidən dünya gündəminin mərkəzinə gətirib. Açıqlanan sənədlərdə Donald Tramp, Bill Klinton, Ehud Barak, Al Qor, Kevin Spacey, Maykl Cekson, David Kopperfield, Alan Derşovitz, Bill Riçardson, Stepan Havkinq, İlon Mask, Bill Qeyts, Emmanuel Makron, Narendra Modi, Volodimir Zelenski və Avropa krallıq ailələrinin bəzi üzvləri də daxil olmaqla çoxsaylı tanınmış şəxslərin adları hallanıb. Bununla belə, Federal Təhqiqat Bürosu bu şəxslərin cinayət əməllərində iştirak etdiyini sübut edən faktların olmadığını açıqlayıb. Hüquqi baxımdan adın sənəddə keçməsi ittiham anlamına gəlməsə də, bu siyahı Epsteinin nə qədər geniş əlaqələr şəbəkəsinə malik olduğunu göstərir.
Məhz bu fonda ABŞ Prezidenti Donald Trampın Epşteyin sənədləri ilə bağlı “bu mövzunu artıq geridə qoymaq və ölkə məsələlərinə qayıtmaq lazımdır” açıqlaması xüsusi diqqət çəkib. Tramp bildirib ki, Epşteyin işi ilə bağlı aparılan geniş araşdırmalara baxmayaraq, onunla əlaqələndirilən hər hansı fakt tapılmayıb və özünü tamamilə günahsız hesab edir. Lakin Tramp və Epşteynin birlikdə fotoları, videoları sosial media hesablarında paylaşılıb. Rəsmi qurumlar da Trampın Epşteyinin ölümü ilə birbaşa əlaqəsini təsdiqləyən sübutların olmadığını bildiriblər. Bununla belə, Epşteynin qardaşı Mark Epşteyin qardaşının ölümünün intihar olmadığına inandığını açıq şəkildə bəyan edib və onun adlar çəkməyə hazırlaşdığı üçün öldürüldüyünü iddia edib. Bu açıqlamalar Epşteynin ölümünün hələ də tam aydınlaşdırılmadığını göstərir.
Epşteyin sənədlərində Fransa Prezidenti Emmanuel Makronun adı da keçir.
Emmanuel Makronun adı 2017-ci ildə prezident seçilməsindən əvvəl və sonra tərtib edilmiş çoxsaylı sənədlərdə yer alıb. Bu sənədlərdə Epşteynin Makronun müxtəlif məsələlər üzrə ondan yardım istədiyini iddia etdiyi görünür.
Cefri Epşteyin 17 sentyabr 2018-ci il tarixində Dünya İqtisadi Forumunun prezidenti və baş icraçı direktoru Borge Brendeyə göndərdiyi elektron məktubda məlumatın məxfi olduğunu vurğulayaraq Makrona aid olduğu iddia edilən fikirləri belə çatdırıb:
“Bu çətinliklərin öhdəsindən daha yaxşı gəlmək üçün idarəetməni, beynəlxalq institutları, öhdəlikləri və dövlətlə özəl sektor arasında münasibətlərin formasını yenidən düşünməli, qurmalı və icad etməliyik. Daha irəliləyişçi gələcəyi təşviq etmək üçün hansı sosial-iqtisadi innovasiyaları dəstəkləyərdiniz?”.
Sənədlərdə Vladimir Putinin yerinə kimin keçə biləcəyi də müzakirə olunub.
11 yanvar 2012-ci il tarixli sənəddə həmin dövrdə Rusiya Dövlət Dumasının üzvü olan İlya Ponomaryovun dövlət başçısına qarşı üsyanın əsas təşkilatçılarından biri olduğu iddia edilib. Sənəddə qeyd olunub ki, əgər öldürülməzsə, Ponomaryovun gec-tez Vladimir Putinin yerinə keçərək prezident ola biləcəyi ehtimal olunur.
Rusiya mediasının məlumatına görə, Ponomaryov 2016-cı ilin iyununda Ukraynada yaşamaq icazəsi alıb, 2019-cu ildə isə Ukrayna vətəndaşı olub. Onun barəsində Rusiyada açılmış bir neçə cinayət işi mövcuddur. Sənədlərdə Ukrayna Prezidenti Volodimir Zelenskinin adı da çəkilib. 2019-cu ilə aid bir elektron məktubda “Zelenski yardım axtarır. Putin isə Zelenskinin israillilər tərəfindən idarə olunduğunu deyərək onu istifadə olunan şəxs kimi təqdim edir” ifadəsi yer alıb.
Epstein-Rotşild yazışmalarında Adolf Hitlerlə bağlı dialoqlar da diqqət çəkib.
31 dekabr 2018-ci il tarixli sənədlərdə Cefri Epştein ilə Arianna de Rotşild adı ilə imzalanmış elektron yazışmalar yer alıb. Bu yazışmalarda Epştein Adolf Hitlerin çox kasıb olduğu dövrdə Quttman, Epştein və Rotşild ailələri tərəfindən maliyyələşdirilən evsizlər üçün sığınacaqda yaşadığını iddia edir.
Arianna de Rotşild cavab məktubunda bu iddiaları “ya xeyirxahlığın mükafatlandırılmaması, ya da hələ də mövcud olan konspirasiya nəzəriyyələrinin bir nümunəsi” kimi qiymətləndirərək vəziyyəti acınacaqlı adlandırıb.
Epşteyin isə bu məlumatın yüz faiz doğru olduğunu israrla bildirib və Hitlerin paltarlarını və rəsm əsərlərini satdığını, yəhudi ailələri, o cümlədən Quttman, Epştein və Rotşildlər tərəfindən maliyyələşdirilən sığınacaqda yaşadığını təkrar edir. O, bunun konspirasiya nəzəriyyəsi olmadığını və Epştein ailəsinin Vyanada bankirlik fəaliyyəti ilə məşğul olduğunu iddia edib.
Arianna de Rotşild isə bu məlumatların doğru olduğunu bildiyini, lakin zaman-zaman Rotşild ailəsinin güc qazanmaq üçün Hitleri dəstəklədiyi və kütləvi qırğın planlarını təşviq etdiyi barədə əsassız iddiaların yayıldığını qeyd edib.
Sənədlərdə Hindistanın Baş naziri Narendra Modinin adı da yer alıb.
ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanş Epşteyin istintaqı ilə bağlı 3 milyondan çox yeni sənədin ictimaiyyətə açıqlanmasından sonra bu sənədlərdə Hindistanın Baş naziri Narendra Modinin adının çəkildiyi diqqət çəkib.
9 iyul 2017-ci il tarixli sənəddə belə bir ifadə yer alır:
“Hindistanın Baş naziri Modi ABŞ Prezidentinin xeyrinə İsraildə rəqs edib və mahnı oxuyub. Bir neçə həftə əvvəl görüşmüşdülər. Bu, öz nəticəsini verdi”.
Bununla bağlı Hindistanın NDTV televiziya kanalı rəsmi dairələrin mövqeyini yayıb. Bildirilib ki, Modinin 2017-ci ilin iyulunda İsrailə etdiyi rəsmi səfəri ilə bağlı bu iddialar məhkum olunmuş bir cinayətkarın dəyərsiz düşüncələrindən başqa bir şey deyil.
Qeyd edək ki, Narendra Modinin 2017-ci ildə İsrailə etdiyi səfər Hindistan ilə İsrail arasında 1992-ci ildə diplomatik münasibətlər qurulduqdan sonra Hindistan Baş nazirinin bu ölkəyə ilk rəsmi səfəri kimi tarixə düşüb.
Epşteyin sənədlərində açıqlanan yeni məlumatlarda Norveç, Danimarka və İsveç krallıq ailələrinə aid adlar yer alıb.
Norveçin dövlət televiziyası NRK-nın yaydığı məlumata görə, yeni açıqlanan Epşteyin sənədlərində Norveç Vəliəhd Şahzadəsi Mette-Maritin adı yüzlərlə qeyd olunub. Bildirilib ki, 2011-ci ilə aid elektron yazışmalardan birində şahzadə Epşteinin adını internetdə araşdırdığını və bununla bağlı məlumatı birbaşa onunla paylaşdığını bildirib.
Norveç Vəliəhd Şahzadəsi Mette-Marit Norveç mediasına verdiyi açıqlamada Epşteinin törətdiyi əməllərə görə məsuliyyət daşıdığını etiraf edib. O qeyd edib ki, Epşteinin keçmişini kifayət qədər dərindən araşdırmaması və onun necə bir insan olduğunu vaxtında dərk etməməsi ciddi səhv olub. Şahzadə bu məsuliyyəti üzərinə götürdüyünü və baş verənlərə görə dərin peşmançılıq hissi keçirdiyini bildirib.
Mette-Marit Epştein ilə bağlı yanlış qərarlar verdiyini deyərək, onunla hər hansı formada ünsiyyətdə olduğu üçün peşman olduğunu vurğulayıb və bu vəziyyəti son dərəcə utancverici adlandırıb.
Epstein sənədlərində adı keçən slovakiyalı diplomat istefa verib.
Açıqlanan sənədlərdə Slovakiya Baş naziri Robert Fitsonun Xarici İşlər və Milli Təhlükəsizlik üzrə müşaviri Miroslav Layçakın da adı yer alır. Məlumata görə, Layçak ilə Epştein arasında olan yazışmaların əksəriyyəti şəxsi xarakter daşıyıb və bu yazışmalarda qadınlar, eləcə də geosiyasi məsələlər daxil olmaqla müxtəlif mövzularda söhbətlər aparılıb. Bu məlumatlardan sonra Layçak vəzifəsindən istefa verib.
Cefri Epşteynlə bağlı açıqlanan sənədlərdə yer alan bəzi elektron məktublarda Bill Qeytsin də adı hallanıb. Məktublarda Bill Qeytsin “rus qızlarla” yaşadığı münasibətlərdən sonra cinsi yolla keçən bir xəstəliyi o dövrdəki həyat yoldaşı Melinda Qeytsdən gizlətməyə çalışdığına dair iddialar yer alıb.
Bill Qeytsin sözçüsü BBC-yə verdiyi açıqlamada bu iddiaları “tamamilə əsassız və absurd” adlandıraraq, Qeytsin sözügedən yazışmalarla heç bir əlaqəsinin olmadığını bildirib.
Sözçünün sözlərinə görə, qeyd olunan elektron yazışmalar Cefri Epşteynin şəxsi uydurmalarıdır. O vurğulayıb ki, bu sənədlər Epşteynin Bill Qeytslə qurmaq istədiyi münasibəti davam etdirə bilməməsindən duyduğu narahatlığı və onu gözdən salmaq üçün nə qədər irəli gedə bildiyini açıq şəkildə göstərib.
Həmin sənədlərdə İlon Maskın da adı hallanıb.
CNN-in məlumatına görə, İlon Mask 13 dekabr 2013-cü il tarixində Cefri Epşteynə göndərdiyi elektron məktubda belə yazıb:
“Tətil günlərində Britaniya Vircin Adaları və ya Sen-Barts bölgəsində olacağam. Görüş üçün uyğun bir vaxt varmı?”
Epştein isə iki gün sonra verdiyi cavabda yeni ilin ilk günlərinin münasib olduğunu bildirərək, “1-dən 8-nə qədər istənilən gün uyğundur. Şəraitə görə qərar verin. Sizin üçün hər zaman yer var” ifadələrini işlədib.
Başqa bir elektron yazışmada Epşteyn, “Yeni ildən sonrakı yanvar ayının 2-si və ya 3-ü ideal olar. Gəlib sizi özüm qarşılayacağam”, - deyə qeyd edib.
İlon Mask cavab məktubunda əvvəlcə yeni ildən sonra, yanvarın 2-si gecəsi Los-Ancelesə geri uçmalı olduğunu bildirib. Bununla belə, gedişini bir gün təxirə sala biləcəyini qeyd edərək Epşteynə, “Ayın 2-də adanıza nə vaxt gəlməliyik?” sualını ünvanlayıb.
CNN-in xəbərində vurğulanıb ki, bu elektron yazışmalardan Maskın səfəri həyata keçirib-keçirmədiyi dəqiq məlum olmur. Lakin yazışmalar Mask ilə Epştein arasında indiyədək üzə çıxmamış səviyyədə bir ünsiyyətin mövcud olduğunu göstərir.
Qeyd edək ki, İlon Mask daha əvvəl Epşteynin Karib hövzəsində cinsi istismar şəbəkəsi ilə əlaqələndirilən adalarına səfər etdiyi iddialarına münasibət bildirərək, “Epşteyn məni adasına aparmağa çalışdı, lakin mən bunu qəti şəkildə rədd etdim”, - deyə bildirmişdi.
Yayımlanan fayllarda tanınmış fizika alimi Stepan Havkingin də adı keçir. Məlumatlara görə, Havking 2006-cı ilin mart ayında Epşteinin maliyyələşdirdiyi cazibə (qravitasiya) mövzusunda keçirilən fizika konfransı üçün Epşteinin “Little St. James” adlı şəxsi adasını ziyarət edib.
Qeyd edək ki, hazırda Havkingin hər hansı qeyri-qanuni fəaliyyətdə iştirak etdiyini təsdiqləyən rəsmi sübut yoxdur. Məsələ ilə bağlı müzakirələr sosial mediada davam edir.
Epşteynin əsas qurbanlarından biri olan Vircinia Cefri isə Britaniya şahzadəsi Endryu ilə bağlı açıqlamaları ilə sənədlərin mərkəzi fiqurlarından birinə çevrilib. Cefri azyaşlı olduğu dövrdə şahzadə ilə cinsi əlaqəyə məcbur edildiyini bildirib. Şahzadə Endryu ittihamları rədd etsə də, titullarından imtina edib və maliyyə razılaşmasına gedib. Bu hadisə Britaniya monarxiyası üçün də ciddi imic zərbəsi kimi qiymətləndirilib. Vircinia isə bu hadisələrə görə intihar edib.
Epşteyn qurbanları yeni açıqlanan sənədlərdə öz adlarının ifşa olunmasına, lakin onları istismar edən şəxslərin adlarının gizli saxlanmasına etiraz edərək bunun ədalətsiz yanaşma olduğunu bildiriblər. Onların fikrincə, bu vəziyyət güclü şəxslərin hələ də qorunduğunu və sistemin qurbanlar əleyhinə işlədiyini göstərir.
Epstein sənədəri ilə bağlı ictimai diqqəti artıran məqamlardan biri də məşhur “The Simpsons” animasiya serialının 2001-ci ilə aid bir bölümünün yenidən gündəmə gəlməsi olub. “The Parent Rap” adlı bölümdə arxa planda görünən lövhədə “Haradasa, bir adada bəzi çılğın insanlar gizlicə dünyanı idarə edir” ifadəsinin yer alması, Epşteynin illər sonra istismar mərkəzinə çevrilmiş “Little St. James” adası ilə üst-üstə düşməsi fonunda bir çoxları üçün narahatedici təsir bağışlayıb. Serialın yaradıcıları bunu sadəcə satira kimi təqdim etsələr də, bu səhnə Epşteyn işi ilə bağlı simvolik məna qazanan nümunələrdən birinə çevrilib.
Epşteyin sənədləri ətrafında müzakirə olunan iddialardan biri də “Netflix”in “Squid Game” serialı ilə bağlıdır. Sosial mediada yayılan iddialara görə, serialda maskalı VIP fiqurların insan taleləri üzərində qurduğu oyunlar Epşteynin adasına gələn elit qonaqlardan ilhamlanıb. Rəsmi təsdiq olmasa da, serialdakı güc, pul və toxunulmazlıq mövzularının Epşteyin işi ilə paralel oxunması bu iddiaları daha da populyarlaşdırıb.
Yeni açıqlanan sənədlərdə diqqət çəkən başqa bir məqam Epşteynin maliyyə şəbəkəsində “Baal” adından istifadə etməsi ilə bağlı iddialardır. “Baal” sözü Sami dilində “ağa”, “sahib”, “lord” mənasını verir və həm Tövratda, həm də Qurani-Kərimdə bütpərəstliyin simvolu kimi tənqid olunur. Araşdırmaçılar Epşteynin bu adı seçməsini həm maliyyə izlərini gizlətmək, həm də simvolik bir “imza” qoymaq cəhdi kimi dəyərləndiriblər. Bu detal Epşteynin fəaliyyətində ideoloji və psixoloji elementlərin də rol oynadığı ehtimalını gücləndirir.
Bütün bu faktlar onu deməyə əsas verir ki, Cefri Epşteyn fayllarıı təkcə bir şəxsin cinayət işi deyil. Bu sənədlərdə qlobal elita toxunulmazlığını, pul və gücün hüquq üzərində təsirini və qurbanların illərlə necə susdurulduğunu açıq şəkildə ortaya qoyub. Epşteyn ölsə də, onun qurduğu sistem, əlaqələr və yaratdığı suallar hələ də yaşayır. Bu səbəbdən Epşteyn faylları dünya ictimaiyyəti üçün bağlanmamış bir iş olaraq qalır və hər yeni sənəd bu qaranlıq sistemin bir az da dərinliyinə işıq salır.
Bəsti Rəfizadə
Sfera.az