ABŞ ordusu Ərəbistan dənizində Amerikanın nüvə enerjisi ilə işləyən "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə doğru hərəkət edən İrana məxsus pilotsuz uçuş aparatını vurub. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilib ki, "Şahed-139" pilotsuz uçuş aparatı "F-35" qırıcısı tərəfindən məhv edilib.
İranın niyə bellə bir addım atdığı dəqiq bəlli deyil. Amma görünən odur ki, rəsmi Tehran vəziyyəti gərginləşdirməkdə maraqlıdır.
Sfera.az-a danışan politoloq Oqtay Qasımovun sözlərinə görə, dünən İran PUA-larının Amerikanın aviadaşıyıcı gəmisinə yaxınlaşması, mövcud gərginliyin nə qədər yüksək olduğunu bir daha nümayiş etdirib:
“Hadisəni, əslində, təsadüfi hesab etmirəm. Bu, faktiki olaraq təxribat kimi də dəyərləndirilə bilər. Nəzərə alsaq ki, tərəflər arasında Qərb və İran nümayəndələri iki gün sonra İstanbulda bir araya gələcəklər və danışıqlar ərəfəsində belə hadisələrin baş verməsi, əlbəttə ki, gərginliyin azaldılmasına yox, onun daha da artmasına xidmət edən addımdır. Əgər bu hadisə təsadüfi xarakter daşıyarsa, yəni bir dəfəlik bir hadisə ilə bitsə, əlbəttə ki, gərginliklə bağlı hansısa ciddi suallar ortaya çıxmaya bilər”.
Ekspert hesab edib ki, bu cür addımlar davamlı xarakter alarsa, gərginliyi artıracaq və regionda ciddi qarşıdurma baş verəcək:
“Amma hesab edirəm ki, İranla ABŞ arasında qarşıdurmanın gələcək taleyi daha çox bu tipli addımlardan yox, danışıqlar masasındakı müzakirələrdən sonra bəlli olacaq və vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi həmin prosesdən asılıdır. Əgər tərəflər masada müəyyən razılaşmalara gəlsələr və danışıqların davam etdirilməsi barədə qərar qəbul olunsa, bu, gərginliyin azaldılması üçün imkanların yarandığı anlamına gəlir. Yox, əgər tərəflər razılığa gəlməsələr və öz mövqelərində dəyişiklik etməsələr, kompromis mümkün olmasa, o zaman, əlbəttə ki, gərginliyin artmasının və mümkün hərbi eskalasiyanın şahidi ola bilərik”.
Bəsti Rəfizadə
Sfera.az