Azərbaycanda son illərdə banklarda olan əmanətlərin həcmində davamlı artım müşahidə edilir. 




2023-cü ilin əvvəlində 11,74 milyard manat olan əmanətlərin həcmi 2026-cı ilin əvvəlində 16,77 milyard manata yüksəlib. Son 3 ildə əmanətlərin həcmi 5 milyard manat və ya 43 faiz artıb. 




Əmanətlərdəki sürətli artımın səbəbi nədir? Əhalinin gəlir imkanlarını nəzərə alsaq əmanətlərin daha çox artması ehtimalı varmı?




Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bunun əsas səbəbi depozit gəlirlərinin faizlərinin artması olub:


 



 


“Depozit faizləri demək olar ki, bütün banklarda, xüsusən də böyük banklarda 10 faiz civarındadır və bu, çox cəlbedicidir. Məsələn 10 min manat depozit qoyan 1 000 manat gəlir əldə edir, 100 000 manat yatıran isə 10 000 manat gəlir götürür ki, bu da kifayət qədər cəlbedicidir. Depozitlərin artmasının əsas səbəbi məhz budur”.




İqtsadçı bununla yanaşı, manatın sabit qalmasın da bu prosesə təsir etdiyini əlavə edib:


 


“Əslində, əvvəllər insanlar manatda pul saxlamağa çəkinirdilər, çünki devalvasiya riski ola bilərdi. İndi bu risk azalıb. Tam aradan qalxmayıb, amma azalıb. Məhz buna görə də banklarda manat üzrə faiz dərəcələri yüksək olduğundan depozitlərin həcmi artır”.




Fidan Hacızadə

Sfera.az