Yaxın Şərqdə və regionda artan geosiyasi gərginlik fonunda ABŞ və İran arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan diplomatik cəhdlər yeni mərhələyə qədəm qoyur.
Bu proses çərçivəsində Pakistanın vasitəçi və ya iştirakçı qismində danışıqlara qoşulması diqqət çəkir. Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi bildirib ki, ölkəsi gərginliyin azaldılması məqsədilə aparılan diplomatik prosesdə rəsmi şəkildə iştirak edəcək və danışıqlar zamanı Pakistanın mövqeyi xüsusi nəzərə alınacaq. Bu açıqlama İslamabadın regionda artan diplomatik fəallığının göstəricisi kimi qiymətləndirilir.
Maraqlıdır, ABŞ-İran danışıqlarında Pakistanın rolu nə dərəcədə effektiv ola bilər və bu diplomatik prosesə gələcəkdə başqa hansı regional və ya beynəlxalq tərəflərin qoşulması mümkündür?
Suallarımızı cavablandıran politoloq Zaur Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, burada Pakistanın hər hansı bir töhfəsi və ya rolu olacağını düşünmür:
“ABŞ ilə İran arasındakı danışıqlarda vasitəçi kimi ən məhsuldar tərəf Türkiyə Respublikası ola bilər. Eyni zamanda, iki tərəfli danışıqlar da müəyyən nəticə verə bilər. Lakin əsas məqam ondan ibarətdir ki, İsrail İrandakı rejimin dəyişməsini və nüvə ilə bağlı qərarın verilməsini istəyir. Hərbi müdaxilənin gecikməsi isə, görünür, İsrailin təkbaşına qərar verməsinə gətirib çıxara bilər".
Politoloq qeyd edib ki, hər bir halda, bu kimi ziddiyyətlərin aradan qaldırılmasının əsas yolu dialoqdan keçir:
“Bu dialoqda kimin vasitəçi olmasından asılı olmayaraq, əsas olan müharibələrin olmaması və dinc insanların həlak olmamasıdır. Hazırda İran rəhbərliyi qərar qəbul etməlidir və bu qərar ABŞ-İsrail tələbləri ilə bağlı yanaşmanı da özündə əks etdirməlidir. Görünən odur ki, İran tərəfi bağlı qapılar arxasında gizli danışıqların tərəfdarı kimi çıxış edir".
Niyaz Hacıyev
Sfera.az