Türkiyədə restoranlarda servis haqqı tələb etmək rəsmi olaraq qadağan edilib. Belə ki, Türkiyənin Ticarət Nazirliyi tərəfindən hazırlanmış "Qiymət etiket qaydalarında dəyişiklik edilməsi qaydası" qüvvəyə minib.
Yeni dəyişikliyə əsasən restoranlar, kafelər, şirniyyat dükanları, qida və içki xidmətləri təklif edən oxşar müəssisələr artıq istehlakçılardan servis, masa, örtük haqqı və s. kimi hər hansı bir ad altında əlavə ödəniş tələb edə bilməzlər.
Qərarda deyilir: "22/5/2003-cü il tarixli 4857 saylı Əmək Qanununun 51-ci maddəsinin müddəalarına əsasən, restoranlarda, kafelərdə, şirniyyat mağazalarında və qida və içki xidmətləri göstərən oxşar müəssisələrdə istehlakçıdan xidmət haqqı, masa haqqı, örtük haqqı və sair kimi heç bir adla əlavə ödəniş tələb edilə bilməz.
Maraqlıdır, ölkəmizdə də servis haqqı ləğv edilə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, servis haqqı məsələsi yığışdırılmalıdır. Onun sözlərinə görə, servis pulları çox vaxt heç işçilərə verilmir:
“Bir çox hallarda restoranlar sınan qabların pulu, mətbəxdə çalışan personalın maaşı və ya musiqili yer olanda onun ödənişi üstünə gəlir və sonda servis haqqı məsələsi gündəmə gəlir. Çox vaxt heç servis haqqıdan gələn pul gedib işçinin maaşına əlavə olunmur. Daha çox elə sınan qablara və şou proqrama çıxılır bu pullar. Azərbaycanda da bu qanunu tətbiq etmək olar. Qiymət təzimləməsi daha düzgün və şəffaf həyata keçirilməlidir. Onsuz da menyu üzrə yekun qiymətlər ərsəyə gələndə bu xərclər nəzərə alınır. Müştərilər də yediyi yeməyin 5-10 faizi qiymətində xidmət edən personala “çayvoy” qoyurlar”.
Mütəxəssis qeyd edib ki, Azərbaycanda servis haqqı qanun pozuntusu hesab edilmir, bu məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik olunmalıdır:
“İstehlakçıların hüquqlarının qorunması ilə bağlı qanunda bu barədə məsələ qeyd olunmayıb. Qanunla qadağan edilməyən heç nə qanunsuz hesab edilmir. Belə olduğu halda, Türkiyədəkini tətbiq etmək istəyiriksə, həmin qanuna sözügedən əlavə daxil edilməlidir. Ümumiyyətlə, servis haqqı məsələsi yığışdırılmalıdır, qanunvericiliyə də salınmalıdır ki, qanun pozuntusu kimi hesab olunsun”.
Firuzə Əliyeva
Sfera.az