İsveçrə 2038-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün hazırda yeganə namizəd ölkədir.
Sfera.az xəbər verir ki, bu barədə Qış Olimpiya Oyunlarına ev sahibliyi üzrə komissiyanın sədri Karl Stoss Milanda keçirilən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iclasında məlumat verib. Onun sözlərinə görə, İsveçrənin 2038-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkə kimi rəsmi təsdiqi 2027-ci ilin aprelində keçiriləcək BOK sessiyasında nəzərdə tutulur.
Bunun üçün İsveçrə hökuməti və parlamenti 2026-cı ilə qədər Olimpiya Oyunlarının maliyyələşdirilməsi ilə bağlı razılığa gəlməlidir. Karl Stoss vurğulayıb ki, əgər hazırkı dialoq çərçivəsində təşkilati və maliyyə məsələləri üzrə razılaşma əldə olunmasa, BOK Oyunlara ev sahibliyi etmək istəyən digər ölkələrlə danışıqlara başlaya bilər. 2038-ci il Qış Olimpiya Oyunlarının konsepsiyasına əsasən, yarışlar üç klasterdə — Lüsern, Sent-Moritz və Lozanna şəhərlərində təşkil olunacaq. Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunları 6–22 fevral tarixlərində İtaliyada keçiriləcək. 2030-cu il Qış Olimpiadasına Fransa Alp dağları, 2034-cü il Oyunlarına isə ABŞ-nin Solt Leyk Siti şəhəri ev sahibliyi edəcək.
Niyaz Hacıyev
Sfera.az