Son illərdə ölkədə təhsil və uşaq baxımı sahəsində rəqəmsallaşma təşəbbüsləri artırılıb. Xüsusilə bağçalara qəbul prosesində elektron növbəlilik sisteminin tətbiqi valideynlər və dövlət qurumları tərəfindən bir yenilik kimi təqdim edildi.


 


Məqsəd müraciətləri daha şəffaf və ədalətli şəkildə idarə etmək, uzun növbələrin qarşısını almaq idi. Lakin praktiki tətbiq zamanı bəzi problemlər üzə çıxıb. Valideynlər uşaqlarını əvvəllər rahatlıqla yazdıra bildikləri evlərinə yaxın bağçalar əvəzinə, bəzən uzaq ərazilərdəki özəl bağçalara yönləndirilir.


 


Bu da əlavə vaxt itkisi, şəhərdaxili tıxaclar və ailələr üçün əlavə çətinliklər yaradır.


 


Belə olduqda sual yaranır: Həqiqətən də elektron sistem effektiv ola bildimi və növbə problemini necə həll etmək olar? 


 


Təhsil eksperti Elmin Nuri Sfera.az-a açıqlamasında bildirib ki, hazırkı reallıqda bağça sayı, məktəbəqədər təhsil müəssisələrinin sayı və yaşı məktəbəqədər təhsilə çatan uşaqların sayı arasında müəyyən fərq mövcuddur. Onun sözlərinə görə, hər 4 uşağın yalnız biri dövlət bağçalarında oxumaq imkanı əldə edir:


 



 


“Bunun səbəbi bağça sayının azlığı və bağçalarda yaranan sıxlıqdır. Təbii ki, bu istiqamətdə ciddi işlər görülür. Xüsusilə Elm və Təhsil Nazirliyi və onun tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbəqədər təhsil pilləsi üzrə problemlərin aradan qaldırılması üçün bir neçə ildir ki, proses həyata keçirir. Keyfiyyət, kəmiyyət, tədris metodikası, təlim-tərbiyə və idarəetmə sahələrində bir çox irəliləyişlər müşahidə olunur”.


 


Ekspert vurğulayıb ki, elektron qəbul prinsiplərində dəyişikliklər olmasına baxmayaraq, bağçalardakı sıxlıq növbəlilik problemini tam həll etmir:


 


“Onlayn qəbul zamanı valideyndən xüsusi cəldlik tələb olunur və daha ayıq valideynlər növbəyə daha tez yazıla bilir. Alternativ yollar mövcuddur və beynəlxalq təcrübədən yararlanmaq olar. Əsas məsələ isə bağça sayının artırılması və alternativ bağça funksiyasının yaradılmasıdır. Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən özəl bağçalarda dövlət qrandı hesabına uşaqların oxudulması layihəsi də bu problemi asanlaşdırır. Layihəyə görə uşaqların aylıq təhsil haqqının bir hissəsini dövlət, bir hissəsini valideynlər ödəyir və bu, bağçalardakı sıxlığı azaldaraq onlayn qəbul prosesini asanlaşdırır”.


 


Niyaz Hacıyev


Sfera.az