Son illərdə ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulunun artması müşahidə olunur. Artım ötən ildə də olub. Ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunan tələbələrin sayı 2024-cü illə müqayisədə 4,2 faiz artaraq 59,8 min nəfər təşkil edib. 




Maraqlıdır, tələbə qəbulunda artım davam etməlidirmi? Yoxsa çox tələbə qəbulu səmərəli deyil?




Sfera.az-a bu haqda açıqlama verən təhsil eksperti Əmrah Həsənlinin sözlərinə görə, tələbə qəbulunun artması avtomatik olaraq yaxşı nəticə demək deyil:


 





“Əgər artım ali təhsilin keyfiyyətinin yüksəlməsi, universitetlərin infrastrukturunun və müəllim potensialının güclənməsi, ixtisasların əmək bazarına uyğun yenilənməsi ilə paralel getmirsə, bu zaman say artımı səmərəlilik yaratmır. Əksinə, universitetlərdə sıxlıq, tədrisin keyfiyyətinin aşağı düşməsi, diplomun dəyərinin azalması və nəticədə “diplomlu işsizlər” probleminin böyüməsi kimi risklər ortaya çıxır. Digər tərəfdən, ali təhsilə qəbulun artması müəyyən şərtlər daxilində zəruridir. Çünki müasir dövrdə iqtisadiyyatın inkişafı daha çox bilik, bacarıq və innovasiya tələb edir. Xüsusilə texnologiya, mühəndislik, səhiyyə, təhsil, süni intellekt, informasiya təhlükəsizliyi kimi sahələrdə daha çox ixtisaslı kadra ehtiyac var. Əgər qəbul artımı bu istiqamətlərə yönəlibsə və universitetlər real olaraq bu sahələrdə keyfiyyətli kadr yetişdirə bilirsə, bu artım həm ölkə üçün, həm də gənclər üçün müsbət nəticə verə bilər”.




Ekspertin fikrincə, qəbul siyasətində əsas meyar “hamı universitet oxumalıdır” yanaşması olmamalıdır:




“Çünki dünyanın inkişaf etmiş təhsil sistemləri göstərir ki, hər bir gəncin ali təhsilə yönləndirilməsi düzgün deyil. Bəzən peşə təhsili, texniki ixtisaslar və tətbiqi bacarıqlar daha real və daha sürətli iş imkanları yaradır. Bizdə isə uzun illərdir peşə təhsili arxa planda qalıb və bu da gənclərin seçim imkanlarını daraldıb. Nəticədə ali təhsil bir növ alternativsiz yol kimi qəbul olunur. Bu baxımdan, qəbulun artması davam etməlidir, amma idarə olunan və planlı şəkildə. Yəni universitetlərə qəbul artımı əmək bazarının ehtiyacları ilə uyğunlaşdırılmalı, hansı ixtisaslara nə qədər mütəxəssis lazım olduğu öncədən hesablanmalı və qəbul planları buna uyğun formalaşdırılmalıdır. Əks halda biz sadəcə statistikanı böyüdəcəyik, amma real nəticə əldə etməyəcəyik. Ümumilikdə hesab edirəm ki, ali təhsilə qəbulun artması məqsəd yox, vasitə olmalıdır. Əsas məqsəd daha çox diplom vermək deyil, daha keyfiyyətli və rəqabətədavamlı insan kapitalı formalaşdırmaqdır. Əgər bu prinsip qorunarsa, qəbulun artması faydalıdır. Əgər sadəcə rəqəmlər artır, amma məzmun dəyişmirsə, bu zaman çox tələbə qəbulu səmərəli olmur və uzunmüddətli perspektivdə təhsil sisteminə də, əmək bazarına da mənfi təsir göstərir”.




Bəsti Rəfizadə

Sfera.az