Rusiya qış mövsümündə Ukraynanın elektrik şəbəkəsinə intensiv hücumlar həyata keçirir. Bu zərbələr nəticəsində ölkənin bir çox bölgəsində enerji infrastrukturu ciddi ziyan görüb, on minlərlə mənzil və iş yeri işıqsız qalıb. Elektrik enerjisinin kəsilməsi istilik və su təchizatında da problemlər yaradaraq əhalinin gündəlik həyatını çətinləşdirib. 




Rusiyanın bu cür davranmasında əsas məqsəd nədir? Bu yolla Ukrayna sülhə məcbur edilir?




Sfera.az-a bu haqda açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Rusiyanın məqsədi Ukraynanı sülhə yox, kapitulyasiyaya məcbur etməkdir: 


 





“Sülhə məcbur etmək tamamilə fərqli bir anlayışdır. Bu, açıq şəkildə Ukraynanın suveren ərazilərinin işğalının legitimləşdirilməsinə yönəlmiş bir cəhddir. Rusiya dəfələrlə bəyan edir ki, Ukrayna Donbas bölgəsindən çəkilməli və öz əraziləri hesabına Rusiyaya güzəştə getməlidir. Üstəlik, Rusiya hazırda nəzarət edə bilmədiyi, işğal edə bilmədiyi ərazilərdən də Ukraynanın geri çəkilməsini tələb edir. Bu isə bir dövlətin suverenliyinə qarşı açıq-aşkar hörmətsizlikdir. Rusiya faktiki olaraq beynəlxalq hüququn əsas prinsiplərini pozaraq Ukraynanın suverenliyini tapdalayır. Bunun başqa adı yoxdur və bu, qətiyyən qəbul edilə bilməz bir faktdır”. 




Politoloq eyni zamanda enerji infrastrukturunun hədəfə alınması və bu sahədə baş verən ciddi insidentlərin Ukraynanı diz çökdürmək məqsədi daşıdığını əlavə edib:




“Çünki Ukraynada enerji məsələsi hələ müharibədən əvvəl, daha dəqiq desək, 2014-cü ildən etibarən ciddi problem olaraq mövcud idi. Rusiya Ukraynaya birbaşa hücum etməmişdən əvvəl də Ukrayna hökuməti ilə “Qazprom” arasında imzalanmış enerji müqavilələri, təbii qazın verilməsi məsələləri və ölkənin enerji infrastrukturunun zəifliyi ciddi risklər yaradırdı. Təəssüf ki, Ukraynada hakimiyyətdə olan heç bir hökumət bu problemləri həll edə bilmədi. Nə Viktor Yuşşenkonun dövründə, nə Yuliya Timoşenko baş nazir olarkən, nə də Regionlar Partiyası və Viktor Yanukoviçin hakimiyyəti dövründə bu məsələlər aradan qaldırıldı. Bu problemlər Ukraynada əvvəldən mövcud idi və Rusiya da çox yaxşı bilir ki, Ukraynanın ən zərif nöqtəsi məhz buradır. Məhz buna görə Rusiya Ukraynanı bu zəif nöqtəsindən vurur. Məqsəd Ukraynanı kapitulyasiyaya məcbur etmək, Zelenskini kapitulyasiya masasına oturtmaq və Donbasdan əl çəkməsini təmin etməkdir. Ancaq bu plan Ukrayna üçün hələ ki, uğursuzluqla nəticələnir. Bunun üçün Qərbin çox güclü dəstəyi vacibdir. Qərb başa düşməlidir ki, Ukraynada güclənən Rusiya gələcəkdə Avropanın təhlükəsizliyi üçün ciddi təhdiddir. ABŞ-də anlamalıdır ki, əgər Ukrayna itirilərsə, gələcəkdə Avropanı da itirə bilər. Bu halda ABŞ faktiki olaraq Çin və Rusiyanın qarşısında daha böyük təhlükə ilə üz-üzə qalacaq. Ukrayna ABŞ üçün bir tampon zonadır. Tramp hazırda fərqli siyasət aparır, lakin bu yanaşma ABŞ-nin uzunmüddətli dövlətçilik maraqları üçün ciddi təhditdir”.




Fidan Hacızadə

Sfera.az