“Louis Vuitton” qeyri-adi və son dərəcə bahalı bir suvenir təqdim edib. Yük maşını formasında hazırlanan Camionnette Edition Limitée adlı stolüstü saatın qiyməti 650 min avrodur.




Sfera.az bildirir ki, məhsul eksklüziv zərgərlik əşyası kimi hazırlanıb və Carscoops saytında nümayiş etdirilib. Müqayisə üçün qeyd edək ki, bu suvenir yeni Ferrari Testarossa avtomobilindən daha bahadır.




Miniatür avtomobil İsveçrənin lüks saat istehsalçısı L'Epée 1839 ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Dizayn 1920-ci illərdə “Louis Vuitton” çantalarını daşıyan Citroën B10 yük maşınlarını xatırladır.




Saatın qızıl örtüklü gövdəsi 1695 brilyantla bəzədilib. Ümumi brilyant çəkisi 41,44 karatdır. Ən iri – 0,51 karatlıq brilyant kapotun üzərində yerləşdirilib. Mini maşının çəkisi 7 kq təşkil edir.




Modeldə Calibre MV.7417/101 mexanizmi quraşdırılıb. Saat xüsusi açarla 8 gün işlək vəziyyətə gətirilir. Açar yük bölməsində yerləşən “Louis Vuitton” dəri qutusunda saxlanılır.




Qeyd edək ki, bu modeldən cəmi 15 ədəd istehsal olunacaq. Brilyantsız və qızıl örtüksüz versiya da təqdim edilib – məhdud sayda deyil və qiyməti 68 min avrodur.


 


Aynil


Sfera.az