Honkonq deyildikdə ağla ilk gələnlərdən biri uca beton binalar və sıx şəhər həyatıdır. Şəhərin şərqində yerləşən Quarry Bay (Ocaq Körfəzi) isə bu sıxlığın ən dramatik nümunələrindən biridir.




Sfera.az bildirir ki, sosial mediada tez-tez yayılan və filmlərə mövzu olan məşhur “Canavar Bina” məhz burada yerləşir. Rəngarəng fasadlar, bir-birinin üzərinə yığılmış mənzillər və qapalı daxili həyətin yaratdığı perspektiv Honkonqun izdihamlı həyatını tək bir kadrda əks etdirir.




 


Əslində beş bina – bir “canavar”




“Canavar Binası” deyilən tikili əslində E formasında dizayn edilmiş beş ayrı blokdan ibarət nəhəng yaşayış kompleksidir.

Oceanic Mansion, Fook Cheong Building, Montane Mansion, Yick Cheong Building və Yick Fat Building adlanan bu binalar King’s Road boyunca yan-yana ucalır və kənardan tək bir nəhəng struktur təsiri yaradır.




 


Yarımçıq qalan layihədən şəhər daxilində şəhərə




Kompleks 1960-cı illərdə Honkonqda sürətli əhali artımı fonunda, aztəminatlı ailələr üçün dövlət dəstəyi ilə inşa edilməyə başlanıb. İlkin adı Parker Estate olan layihə inşaatçının yoxa çıxması səbəbilə yarımçıq qalıb.




Sonradan müxtəlif investorların müdaxiləsi ilə tikinti bərpa edilib və 1971-ci ilə qədər beş blok birləşdirilərək tamamlanıb. Hər bina 18 mərtəbədən, hər mərtəbə isə təxminən 28 mənzildən ibarət idi.


 




2200-dən çox mənzil, 10 mindən artıq sakin


 




Bu gün kompleksdə 2200-dən çox mənzildə 10 mindən artıq insan yaşayır. Yuxarı mərtəbələr tam yaşayış sahəsidir, aşağı mərtəbələrdə isə çayxanalar, quru dəniz məhsulları dükanları, tikinti materialları mağazaları və kiçik köşklər fəaliyyət göstərir.




Dar dəhlizlər və daxili həyət sakinlərin gündəlik həyatının mərkəzidir.


 




Adını verən qorxulu effekt




Daxili həyətə daxil olan ziyarətçiləri qeyri-adi bir mənzərə qarşılayır. Qeyri-müntəzəm fasadlar, üst-üstə yığılmış eyvanlar və yuxarıya doğru daralan perspektiv insanı nəhəng bir beton “canavarın” içində hiss etdirir.




Məhz bu səbəbdən bina “Canavar Binası” adını alıb. Artan marağa görə zaman-zaman daxili həyətdə fotoqrafiya çəkilişlərinə məhdudiyyətlər tətbiq olunur.

Hollivuddan sosial mediaya




Kompleks bir çox filmdə məkan kimi istifadə olunub. Xüsusilə “Transformers: Age of Extinction” filmindəki səhnələrdən sonra bina dünya miqyasında məşhurlaşıb. Daha əvvəl oxşar şəhər estetikası “Ghost in the Shell” kimi layihələrdə də görünmüşdü.




Filmdən sonra Quarry Bay turistlərin, fotoqrafların və urbanistika həvəskarlarının axınına məruz qalıb. Cənubi koreyalı aktyor Ji Chang Wook kimi məşhurların ziyarətləri isə “Canavar Bina”nın sosial media populyarlığını daha da artırıb.


 


Aynil


Sfera.az