Keçəllik bir çox insan üçün ciddi estetik və psixoloji problem olaraq qalır. Bu səbəbdən saç tökülməsinin qarşısını almaq üçün illərdir müxtəlif elmi araşdırmalar aparılır. Son araşdırmalardan biri isə diqqəti ənənəvi Çin təbabətində min illərdir istifadə olunan bir bitkiyə yönəldib.
Sfera.az bildirir ki, “Journal of Holistic Integrative Pharmacy” jurnalında dərc olunan yeni tədqiqatda He Sho Wu (He Şou Vu) adlı bitkinin saç tökülməsinə qarşı potensial təsirə malik olduğu müəyyən edilib.
Kişi tipli keçəlliyə qarşı təsirli ola bilər
Araşdırmada bildirilib ki, yüz illərdir Çin təbabətində istifadə edilən He Şou Vu ekstraktları ən geniş yayılmış saç tökülməsi növlərindən biri olan kişi tipli keçəlliyə — androgenetik alopesiyaya qarşı müsbət təsir göstərə bilər.
Laboratoriya şəraitində aparılan təcrübələr zamanı bu bitkinin saç follikullarındakı hüceyrələri qoruduğu və onların vaxtından əvvəl məhv olmasının qarşısını aldığı müşahidə edilib. Alimlərin fikrincə, bu təsir həm mövcud saç tökülməsinin azalmasına, həm də gələcəkdə keçəlliyin qarşısının alınmasına kömək edə bilər.
Saç böyüməsini dəstəkləyən maddələrlə zəngindir
Tədqiqat nəticələrinə əsasən, He Şou Vu saç böyüməsini stimullaşdıran böyümə faktorlarının istehsalını artırır. Bitkinin tərkibində saç follikullarının möhkəmlənməsində rol oynayan IGF-1, VEGF və FGF-7 kimi maddələr mövcuddur.
Qədim Çin mətnlərində He Şou Vu “saçları qaraldan və bədəni qidalandıran” bitki kimi təsvir edilir. Müasir elmi araşdırmalar isə bu ənənəvi iddiaların müəyyən bioloji əsaslara malik ola biləcəyini göstərir.
Tədqiqatın müəllifi Bixian Han bu barədə belə deyib: “Biz qədim müdrikliyi müasir elmlə birləşdirdik".
Saç tökülməsinə təsir edən proseslərə çoxşaxəli yanaşma
Mütəxəssislərin sözlərinə görə, He Şou Vu yalnız saç tökülməsini yavaşlatmır, eyni zamanda bu prosesə səbəb olan müxtəlif bioloji mexanizmlərə təsir edir. Nəticədə saçlar təkcə tökülmür, həm də daha sağlam və güclü şəkildə uzana bilər.
Diqqət edilməli məqamlar da var
Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, He Şou Vu düzgün emal olunmadıqda və ya nəzarətsiz istifadə edildikdə qaraciyərə mənfi təsir göstərə bilər. Bu səbəbdən dozanın düzgün seçilməsi və müasir tibbi tətbiq üsullarına riayət edilməsi vacibdir.
Mütəxəssislər bitkinin təhlükəsiz və effektiv istifadəsini təsdiqləmək üçün daha genişmiqyaslı klinik tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.
Aynil
Sfera.az