2026-cı ildə 40-dan çox ölkədə parlament və ya prezident seçkisi keçiriləcək. Bu seçilərin nəticəsində yeni prezident və baş nazirlərin kimliyi müəyyənləşəcək.
Sfera.az bu il dünya üzrə keçiriləcək seçkiləri araşdırıb.
Qonşumuz Ermənistanda parlamentə seçkilər baş tutacaq. Ermənistanda seçkilər 2026-cı ilin iyun ayında keçiriləcək. Ermənistan konstitusiyasına əsasən, ölkədə icra hakimiyyətinin əsas fiquru baş nazir olduğu üçün bu seçkilər daha əhəmiyyətlidir. Hazırkı parlamentin səlahiyyət müddətinin başa çatması fonunda keçiriləcək seçkilər ölkənin daxili siyasi kursunun davam edib-etməyəcəyini müəyyənləşdirəcək.
Ermənistan kimi əsas səlahiyyətlərin parlamentdə cəmləşdiyi İsrail, İsveç, Danimarka, Macarıstan və Yaponiyada da bu il qanunverici orqana seçkilərin keçirilməsi gözlənilir. Bu ölkələrdə dövlətin başçısı prezident və ya monarxdır. Həmin ölkələrdə dövlət başçılarının səlahiyyəti məhduddur, onlar hökuməti idarə etmir. İcra hakimiyyəti parlament çoxluğuna əsaslanan qüvvənin qurduğu hökumətin əlində cəmləşir.
Bu ölkələrdən xüsusilə İsraildə keçiriləcək seçkilər maraqla gözlənilir. İsraildəki seçkilər regional təhlükəsizlik və daxili siyasi sabitlik baxımından mühüm hesab olunur. Seçkilərin bu il oktyabrın 27-də keçirələcəyi planlaşdırılıb.
Parlamentin səlahiyyətinin yüksək olduğu ölkələrdə prezidenti də qanunverici orqan seçir. Həmin ölkələrdən Danimarkada oktyabrda, Yaponiyada fevralın 8-də prezident seçkiləri keçiriləcək.
Prezident idarəetmə sisteminə malik ölkələrdə isə əsas diqqət dövlət başçısının seçilməsinə yönələcək. Portuqaliya, Kolumbiya, Benin, Cibuti, Qambiya və Bolqarıstanda prezident seçkiləri olacaq. Bu ölkələrin əksəriyyətində mövcud prezidentlərin səlahiyyət müddəti başa çatır. Onların bəziləri yenidən namizəd ola biləcəklər. Amma digərlərində qanunvericiliyin tələbinə görə namizəd ola bilməyəcəklər. Məsələn, Portuqaliyada iki dəfə prezident seçilən Marselo Rebelo de Sousa yenidən namizədliyini verə bilmədi. Portuqaliyada prezident seçkilərinin birinci turu 18 yanvarda keçirilib, ikinci tur isə fevralın 8-i olacaq.
Bəzi ölkələrdə isə 2026-cı il ümumi seçkilər ili olacaq. Braziliya, Peru, Zambiya, Haiti, Uqanda və Cənubi Sudan kimi ölkələrdə həm prezident, həm də parlament seçkiləri eyni ildə keçiriləcək. Bu tip seçkilər adətən siyasi kursun tam yenilənməsi və ya mövcud hakimiyyətin xalq tərəfindən yenidən təsdiqlənməsi ilə nəticələnir. Xüsusilə Braziliyada keçiriləcək seçkilər Latın Amerikasında siyasi balanslara ciddi təsir göstərə biləcək əsas proseslərdən biri kimi qiymətləndirilir.
2026-cı ildə keçiriləcək seçkilərin böyük hissəsi planlı və konstitusion müddətlərin tamamlanması ilə bağlıdır. Bununla yanaşı, bəzi ölkələrdə siyasi böhranlar, hökumətlərin dağılması və ya təhlükəsizlik problemləri seçki prosesinə əlavə risklər yaradır. Beynəlxalq müşahidəçilər 2026-cı ili qlobal demokratiya üçün sınaq ili kimi dəyərləndirirlər.
Bununla yanaşı, 2026-cı ildə seçkilərin keçiriləcəyi ölkələrin siyahısı yuxarıda sadalananlarla məhdudlaşmır. Araşdırmaya əsasən, bu il Tailand, Banqladeş, Nepal, Vyetnam, Sloveniya, Kipr, Efiopiya, Kabo-Verde, Mərakeş, Latviya, Bəhreyn, Sao Tome və Prinsipi, Qvineya-Bisau, Laos kimi ölkələrdə də parlament və ya ümumi seçkilərin keçirilməsi planlaşdırılıb. Həmin ölkələrdə seçkilər ya qanunverici orqanların səlahiyyət müddətinin başa çatması, ya da mövcud hökumətlərin yenidən mandat alması məqsədi daşıyır.
Bəsti Rəfizadə
Sfera.az