Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi-siyasi ittifaqa çevrilməsi faktını nəzərə almalıdır.


 


Onun sözlərinə görə, İrəvan Aİ-nin getdikcə yalnız iqtisadi blok olmaqdan uzaqlaşdığını dərk etməlidir. Overçuk həmçinin vurğulayıb ki, Ermənistan üçün Avrasiya İqtisadi Birliyi (AİB) ilə əlaqələrin qorunması vacibdir və bu əlaqələrin qırılması ölkə iqtisadiyyatına ciddi təsir göstərə bilər.


 


Bunun fonunda əsas suallar yaranır: Avropa İttifaqı doğrudanmı hərbi-siyasi ittifaqa çevrilir? Aİ ilə yaxınlaşma Ermənistanın təhlükəsizliyinə necə təsir edə bilər?


 


Politoloq Aytən Qurbanova Sfera.az-a açıqlamasında bildirib ki, Overçukun düşüncələri daha çox son zamanlarda Rusiya-Qərb qarşıdurması fonunda yaranmış yanaşmalardan irəli gələn bəyanatlardır:


 



 


“Çünki Avropanın təhlükəsizliyi ilə bağlı ciddi problemlərin olduğu, NATO çərçivəsində böhranın yaşandığı bir mərhələdə, Avropa ordusunun yaradılması ilə bağlı fikirlər Rusiya rəsmilərinin bəyanatlarında da əks olunmağa başlayıb. Bu yanaşmalar üzərindən Ermənistana açıq şəkildə mesaj verilməyə çalışılır ki, Avropaya inteqrasiya və Avropa İttifaqına üzvlüklə bağlı məsələ birbaşa Rusiya ilə olan münasibətlərində yeni bir gərginlik mərhələsinin yaranmasına gətirib çıxara bilər. İlk növbədə onu qeyd edim ki, Ermənistanın Avrasiya İqtisadi Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından real şəkildə uzaqlaşması və Avropaya inteqrasiya istiqamətində hər hansı bir addım atması, yaxın perspektivdə real görünmür. Çünki, statistik göstəricilər onu deməyə əsas verir ki, Ermənistan-Avrasiya İqtisadi Birliyi münasibətləri və iqtisadi əlaqələr fonunda yüksək səviyyədə asılılıq var. Bunun balanslaşdırılması üçün ən azından müəyyən bir dövr və əlaqələrin genişləndirilməsi vacib şərtlərdən biridir. Ona görə də, hər hansısa perspektivdə siyasi əlaqələrin davam etdirilməsi, iqtisadi əlaqələrin əsasının formalaşdırılması Avropa İttifaqı ölkələri ilə mümkündür. Amma birbaşa olaraq Avrasiya İqtisadi Birliyindən uzaqlaşmaq və Avropa İttifaqına inteqrasiya ilə bağlı real addımların atılması üçün Ermənistan üçün müəyyən bir dövr, zaman mütləq şəkildə lazımdır”.


 


Politoloq qeyd edib ki, Avropa İttifaqının hər hansı formada hərbi-siyasi təşkilata, institutsional quruma çevrilməsi, ya da yeni bir qütb mərkəzi olaraq peyda olması, yaxın perspektivdə mümkün deyil:


 


“Baxmayaraq ki, Avropanın özünün təhlükəsizliyi ilə bağlı müəyyən bir konfiqurasiyaya, ya da Avropa ordusuna mütləq şəkildə ehtiyacı var. Bu, NATO çərçivəsində yaranmış böhran çərçivəsində aydın şəkildə müşahidə edilə bilir. Amma ümumi potensial dəyərləndirildikdə, hazırda Avropa İttifaqı ölkələrinin bu istiqamətdə maliyyə ilə bağlı olan resurslarının yetərli olmadığını da aydın şəkildə müşahidə etmək mümkündür. Amma ən azından yaxın perspektivdə nə Avropa İttifaqının yeni bir hərbi-siyasi konfiqurasiya olaraq beynəlxalq münasibətlər sistemində peyda olacağını müşahidə edə bilərik, nə də Avropa ordusunun tam şəkildə mütəşəkkil formada formalaşması ilə bağlı real addımlar atıldığını görə bilərik. Amma bu istiqamətdə hər hansısa bir real addımların atılması labüd xarakter alıb. Ən azından son baş verən hadisələr fonunda bunu aydın şəkildə müşahidə etmək mümkündür”.


 


Niyaz Hacıyev


Sfera.az