Bakı şəhərində iki gün ərzində müşahidə olunan şiddətli külək ciddi fəsadlar törədib. Hər il müxtəlif fəsillərdə baş verən güclü küləklər şəhərin infrastrukturuna və yaşıllıq zonasına təsir göstərir, lakin bu dəfə nəticələr xüsusilə diqqət çəkib.
Ümumilikdə 78 ağac sınıb, bu da şəhərin ekoloji dayanıqlığı və ağacların vəziyyəti barədə suallar doğurur.
Bəs görəsən, Bakı külək risklərinə nə dərəcədə davamlıdır? Şəhərdə ağacların vəziyyəti və onların müntəzəm baxımı yetərlidirmi?
Suallarımızı cavablandıran ekoloq Qorxmaz İbrahimli Sfera.az-a açıqlamasında bildirib ki, daxil olan soyuq və küləkli hava ən azı 1 həftə əvvəldən proqnozlaşdırılmışdı və qabaqcadan tədbirlər görülməli idi:
“Bildirilmişdi ki, hava kəskin dəyişəcək, külək olacaq və qış fəslini yaşadığımız üçün bu, gözlənilən haldır. 78 ağacın sınması isə hər zaman gözləniləndir, çünki şəhər təsərrüfatına məsul olan şəxslər– şəhərin yaşıllığına və yaşıl sistemin qorunmasına cavabdeh məmur və şəxslər bu məsələyə biganə yanaşırlar. Bunlar hər biri öncədən hesablanmalıdır. Bir insan saçı uzananda gedib kəsdirirsə, tədbir görürsə, eynisi də ağacların böyüməsi və yaşıllaşması ilə bağlıdır. Onlar vaxtı-vaxtında kəsilməli, cavanlaşdırılmalı, çürüyənlərin yerinə yenisi əkilməlidir”.
Ekoloqun sözlərinə görə, bütün bunlar korrupsiyaya yol açan hallardır:
“Çünki vaxtında tədbir görülmür. Eyni zamanda, bu səlahiyyətlərin bələdiyyələrə verilməsi daha məqsədəuyğun olardı; bələdiyyələr isə yerli özünüidarəetmə funksiyasını həyata keçirə bilər. Əks halda, ziyan daha çox vətəndaşa və maşınlara dəyir, insanların sağlamlığı risk altına girir. Bundan sonra isə məsələ “oldu, keçdi” deyə ötüşdürülür. Bu, yalnız məsuliyyətsizliyin nəticəsidir”.
Niyaz Hacıyev
Sfera.az