Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Bu görüş Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin davamı olaraq baş tutub.  Səfər zamanı hər iki ölkənin rəhbəri “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə də təltif ediliblər. 




Birləşmiş Ərəb Əmirliyində Azərbaycan və Ermənistan arasında keçirilən görüş, eləcə də hər iki ölkənin rəhbərinin təltif edilməsi nəyi göstərir? Bu, hər iki ölkənin sülh yoluna sadiq olduğunu, artıq sülhün əldə edildiyini göstərir?




Sfera.az-a mövzu ilə bağlı açıqlama verən politoloq Elçin Xalidbəyli son vaxtlar Cənubi Qafqazda cərəyan edən proseslərin inkişaf istiqamətlərinin Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin ön planda olduğunu göstərdiyini deyib.


 





Politoloqun fikrinə əsasən, bu proses artıq geriyə dönməz xarakter daşıyan mərhələyə keçib: 




“Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanın blokada şəraitinin nisbətən yumşaldılmasına razılıq verib. Azərbaycan üzərindən Ermənistana yüklərin daşınmasına icazə verilib və bu proses artıq reallaşır. Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında iqtisadi-ticari münasibətlərin qurulması istiqamətində ilkin addımlar atılır. Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi buna nümunədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşamaq prinsiplərinə uyğunlaşmağa başlayıblar. Hər iki tərəf münasibətlərin normallaşdırılması və iqtisadi-ticari əlaqələrin qurulması yollarını tapmağa çalışır. Bu isə sülh prosesinin geriyə dönməz xarakter daşıdığını bir daha təsdiqləyir. Eyni zamanda, ötən ilin 8 avqustunda Vaşinqtonda yekun sülh sazişinin razılaşdırılmış mətninin paraflanması ilə bağlı sənədin imzalanması da bu prosesin mühüm mərhələsidir. Bu, Cənubi Qafqazda müharibə dövrünün yekunlaşması anlamına gəlir”.


 


E.Xalidbəyli əlavə edib ki, böyük ehtimalla, Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyan hakimiyyəti qalib gələrsə, bu ilin sonlarına qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanacaq: 




“Bununla da ümumilikdə Cənubi Qafqazda Rusiyanın yaratdığı və ermənilərin onilliklər boyu terror, işğal və müxtəlif hərbi cinayətlər üzərindən davam etdirdiyi münaqişənin sona çatdığını müşahidə edə bilərik. Bütün bunlara paralel olaraq Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərində görüşməsi və müxtəlif məsələləri müzakirə etməsi də iki ölkə arasında münasibətlərin kifayət qədər normallaşdığını göstərir. Bu, eyni zamanda onu da sübut edir ki, Azərbaycan və Ermənistan liderləri artıq müxtəlif platformalarda, başqalarının vasitəçiliyi olmadan sərbəst şəkildə görüşüb müzakirələr aparmaq imkanına malikdirlər. Əvvəllər belə görüşlər üçün mütləq vasitəçiyə ehtiyac duyulurdu və həmin vasitəçilər ilk növbədə öz maraqlarını ön plana çəkirdilər. İndi isə hər hansı bir vasitəçi olmadan tərəflər birbaşa görüşlər keçirir, mövcud problemləri birbaşa təmaslar vasitəsilə müzakirə etməyi bacarırlar. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi artıq yekun mərhələyə qədəm qoyub və geriyə dönməz xarakter daşıyır”.


 


Fidan Hacızadə

Sfera.az