Gürcüstan ABŞ ilə münasibətlərdə yeni mərhələyə keçməyə hazırlaşır. Baş nazir İrakli Kobaxidzenin açıqlamasına görə, Tbilisi Vaşinqtonla strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında yeniləməyi təklif edir.


 


Bu addım Gürcüstanın dəyişən qlobal siyasi proseslər fonunda xarici siyasət prioritetlərini yenidən formalaşdırdığını göstərir.


 


Mövzu ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu gün beynəlxalq münasibətlər sistemində çox ciddi proseslər baş verir. Onun sözlərinə görə, ABŞ-Rusiya münasibətlərində tərəflərin tarixində nadir rast gəlinən dialoq müşahidə olunur:


 



 


“Buna paralel olaraq kollektiv Qərb anlayışı artıq dağılıb: Avropa ilə ABŞ-nin bir çox məsələ ilə bağlı mövqeyi üst-üstə düşmür. Bu, Qərb ölkələri arasında ziddiyyəti artırır. Beləliklə, dünyanın təhlükəsizlik arxitekturasında çox ciddi dəyişikliklər baş verir. Müşahidə olunan yeni "oyun qaydaları" təbii ki, digər dövlətlərin də diqqətindən kənarda qalmır. Bu baxımdan Gürcüstan da istisna deyil. Vaşinqton-Moskva münasibətlərindəki dialoqdan istifadən Tbilisi ABŞ ilə əlaqələrini gücləndirməyə çalışır. Yəqin ki, bu proses davam edəcək”.


 


K.Novruzov qeyd edib ki, Rusiya müəyyən mərhələyə qədər bu prosesə təmkinlə yanaşa bilər:


 


“Moskva yenə də Gürcüstanı tam əldən vermək istəməyəcək. Çünki, bu həm də Kremlin Cənubi Qafqazdakı təsir imkanlarının daha da zəifləməsi deməkdir. Sözsüz ki, ABŞ ilə Rusiya arasında münasibətlərin hazırkı səviyyəsi daimi və ya səmimi deyil. Əksinə, bu, böyük güclərin qlobal mübarizəsinin başqa formada inikasıdır. Moskva ilə Vaşinqton arasında rəqabət davam edir. Tbilisi ağıllı hərəkət etsə, mövcud vəziyyətdən öz xeyrinə istifadə edə bilər. Buna baxmayaraq, Gürcüstanın vəziyyəti hələ də ağırdır”.


 


Firuzə Əliyeva


Sfera.az