Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2026-cı il Olimpiya Oyunlarında çalışan jurnalistlərin mətbuat azadlığının pozulması, təqib və ya təhdidlərlə qarşılaşdıqları hallarda onların hüquqlarını qoruyacağını açıqlayıb.


 


Sfera.az xəbər verir ki, bu barədə “TASS”-ın əldə etdiyi məlumatlarda bildirilir. BOK mənfi təsirə məruz qaldığını və ya qalma ehtimalı olduğunu düşünən media nümayəndələri üçün xüsusi şikayət mexanizmi hazırlayıb.


 


Şikayətə həmçinin jurnalistin 2026-cı il Olimpiya Oyunlarında işini sərbəst və təhlükəsiz şəkildə yerinə yetirməsinə mane olan hər hansı mətbuat pozuntusu da daxil edilə bilər. Beynəlxalq Olimpiya Komitəsi jurnalistləri təqib, təhdid və sui-istifadə halları barədə məlumat verməyə təşviq edir. Eyni zamanda, BOK Etik Kodeksinin pozulması və ya maliyyə, hüquqi, tənzimləyici və etik məsələlərə dair digər pozuntuları da nəzərdən keçirəcək.


 


Qeyd edək ki, şikayətlər və ya məktublar BOK-un xüsusi qaynar xətti veb saytı vasitəsilə təqdim edilməlidir. Hər bir hadisə fərdi və məxfi şəkildə araşdırılacaq.


 


Niyaz Hacıyev


Sfera.az