Ermənistanın “Xristian-Demokrat” Partiyasının sədr müavini Levon Şirinyan deyib ki, Rusiya “Tramp Marşrutu”nda heç bir halda yer ala bilməz. Onun sözlərinə görə, Moskva Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb və indi müxtəlif ölkələrdə qarışıqlıq yaratmağa çalışır. Şirinyan bildirib ki, Ermənistanda revanşist qüvvələr bu marşrutu gözdən salmaq üçün ortaya atılıb, lakin revanşizm ölkədə qalib gələ bilməz.
Qeyd edək ki, bundan əvvəl parlament sədri də “Tramp Marşrutu”nda Rusiyanın iştirakının mümkün olmadığına dair açıqlama verib.
Bu açıqlamalardan aydın olur ki, Ermənistan qonşu ölkələrlə münasibətlərinin tənzimlənməsində Rusiyanın müdaxilə etməsini istəmir.
Politoloq Polad Mehdiyev mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, Ermənistan daxilində Rusiyanın regiondakı roluna inam xeyli zəifləyib:
“Xüsusilə “Tramp Marşrutu” kimi regional layihələrdə Moskvanın iştirakının istisna edilməsi onu göstərir ki, İrəvan bu cür proseslərin üçüncü tərəflərin təsiri olmadan formalaşmasını istəyir. Ukrayna müharibəsi fonunda Rusiyanın imkanlarının azalması Ermənistan siyasi dairələrində artıq açıq şəkildə qəbul olunur. Revanşist qüvvələrin zəifliyi də vacib məqamdır. Köçəryan və Sərkisyan xəttinin parçalanması, eləcə də cəmiyyətdə revanş ideyalarına dəstəyin olmaması Rusiyanın daxili siyasi alətlərinin təsirini azaldır. Kilsə üzərindən təsir cəhdlərinin nəticəsiz qalması da bunu tamamlayır”.
P.Mehdiyev əlavə edib ki, Ermənistan parlamentinin sədrinin də oxşar mövqedən çıxış etməsi təsadüfi deyil:
“Bu, Ermənistan rəhbərliyinə yaxın çevrələrdə Rusiyanın qonşu ölkələrlə münasibətlərə müdaxiləsinin arzuolunmaz sayıldığını göstərir. Yəni İrəvan getdikcə daha çox öz qərarlarını kənar təsirlərdən kənarda vermək istəyir. Azərbaycanın maraqları baxımından bu yanaşma müsbətdir. Çünki regional kommunikasiyaların və sülh prosesinin ikitərəfli əsasda, əlavə geosiyasi oyunlar olmadan irəliləməsi daha sabit və proqnozlaşdırılan mühit yaradır. Bu da Azərbaycanın uzun müddətdir müdafiə etdiyi mövqeyə uyğundur”.
Fidan Hacızadə
Sfera.az