Rusiya və Ukrayna arasında 314 hərbi əsirin mübadiləsi ilə bağlı razılaşma əldə olunub.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff məlumat verib.
Vitkoff bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən danışıqlar zamanı mübadilə ilə bağlı razılığa gəliblər. Onun sözlərinə görə, bu görüş son beş ay ərzində tərəflər arasında baş tutan ilk birbaşa təmas olub.
ABŞ prezidentinin xüsusi elçisi sosial şəbəkə “X”də paylaşım edərək qeyd edib ki, fevralın 5-də Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri bir araya gələrək 314 hərbi əsirin mübadiləsinə dair razılaşma əldə ediblər.
Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi də açıqlama yayıb. Bildirilib ki, 2025-ci ilin iyun ayından etibarən Ukraynaya 12 mindən çox hərbi qulluqçunun köçürülməsi planlaşdırılır. Nazirlik bu prosesin mərhələli şəkildə həyata keçiriləcəyini vurğulayıb.
Ekspertlər bu razılaşmanı Rusiya-Ukrayna münaqişəsi fonunda humanitar sahədə atılan mühüm addımlardan biri kimi qiymətləndiriblər.
Bəsti Rəfizadə
Sfera.az