Rusiyadan Azərbaycana pul köçürmələrində azalma müşahidə olunub. 2024-cü ilin yanvar-sentyabr aylarında ölkəmizə Rusiyadan 411 milyon dollar pul köçürüldüyü halda, 2025-ci ilin eyni dövründə 344 milyon dollar köçürülüb. Əvvəlki illərlə müqayisədə pul köçürmələri daha çox azalıb. 




Maraqlıdır, azalmanın əsas səbəbi Rusiya iqtisadiyyatında vəziyyətin pisləşməsi ilə bağlıdır, yoxsa başqa səbəblər var?




Sfera.az-a bu haqda açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, pul köçürmələrində azalmanın başlıca səbəbi Rusiya iqtisadiyyatının zəifləməsidir. 




Ekspert pul köçürmələrinin azalmasında digər faktorların olduğunu da düşünür:


 





“Birinci növbədə əsas amillərdən biri Rusiya hökumətinin miqrantlara qarşı həyata keçirdiyi əmək siyasətidir. İcazələrin alınması, işləmə ilə bağlı məhdudiyyətlər, miqrantların əmək bazarından çıxarılması istiqamətində atılan addımlar bu zəifləməyə ciddi təsir göstərib. Bu səbəbdən vəziyyət nisbətən zəifləyib və belə olduğu halda bir çox vətəndaşımız həm bu proseslərin fonunda, həm də baş verən müharibə səbəbindən, xüsusilə Rusiya-Ukrayna müharibəsində iştirak etməmək üçün Azərbaycana qayıdıblar və ya digər ölkələrə üz tutublar. Nəticədə Rusiyada çalışanların sayı azalıb”.




Ekspert eyni zamanda Rusiyanın maliyyə əməliyyatlarına tətbiq olunan məhdudiyyətlərin də pul köçürmələrinin azalmasında mühüm rol oynadığını vurğulayıb:




“Əvvəllər banklar vasitəsilə və ani, sürətli köçürmələr yolu ilə həyata keçirilən əməliyyatlar Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində məhdudlaşdırılıb. Bu isə insanları daha çox alternativ yollar axtarmağa məcbur edib. Bütün bu amillər fonunda Rusiyadan Azərbaycana köçürülən vəsaitin həcmi azalıb və qeyd olunan vəziyyət məhz bu səbəblərlə formalaşıb”.




Bəsti Rəfizadə

Sfera.az