ABŞ-la İran arasında danışıqların təşkilində problemlər yaranıb. ABŞ İranla aparılan danışıqlarda dörd əsas təklif irəli sürüb, lakin İran bunlardan yalnız birinə, nüvə məsələsinin müzakirəsinə razılıq verib. ABŞ isə bu təklifi qəbul etməyib və danışıqlar hələlik nəticəsiz qalıb.
Bundan sonra proses necə davam edəcək? ABŞ danışıqları tamamilə dayandıraraq İranı tərk edəcək, yoxsa müəyyən hərbi və ya iqtisadi addımlar ataraq təzyiqi artıracaq?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Cavanşir Abbaslının sözlərinə görə, tarix boyu ABŞ-İran danışıqları heç vaxt nəticə verməyib.
Ekspert bundan sonra da nəticə verməyəcəyini bildirib:
“1979-cu ildə İranda baş verən inqilabdan, yəni İran İslam Respublikasının yaradılmasından sonra ABŞ ilə münasibətlər daha da kəskinləşib. Bu qədər uzun müddət ərzində münasibətlər heç zaman isti olmayıb. Doğrudur, ara-sıra münasibətlərdə müəyyən yumşalma hiss edilib. Amma sonradan məlum olub ki, bunların hamısı tamamilə puç olub. Bu yaxınlarda İran Prezidenti Məsud Pezeşkianın ABŞ-yə səfərindən sonra iddialar yayıldı ki, artıq ABŞ ilə İran arasında münasibətlər tamamilə düzəlib. Amma bundan az müddət keçməmiş İranla İsrail arasında 12 günlük müharibə baş verdi. İsrailin isə arxasında duran gücün hansı ölkə olduğu tamamilə məlum idi. Hər halda İsrail İranla təkbaşına üz-üzə gələ biləcək bir dövlət deyil. Hesab edirəm ki, bu danışıqlar da nəticəsiz qalacaq. Nüvə məsələsi ilə bağlı ABŞ ilə İran arasında dəfələrlə danışıqlar aparılıb”.
Politoloq Amerikanın da İranın bu məsələdə səmimiyyətinə inanmadığını vurğulayıb:
“Məhz buna görə də dörd təklif sırasında nüvə məsələsi ilə bağlı real razılaşmanın olmaması, bu mövzunun rəsmi və açıq şəkildə müzakirəsinə razılıq verilməməsi onu göstərir ki, Vaşinqton Tehranın səmimiyyətinə etibar etmir. Hesab edirəm ki, bu danışıqlar da nəticəsiz qalacaq. Ümumilikdə hazırkı vəziyyətdə Amerikanın İranı birbaşa vuracağını düşünmürəm. Artıq proseslər səngiməyə doğru gedir. Ötən ilin son günlərindən etibarən İranda başlayan aksiyalarda da göründüyü kimi, proseslər tədricən zəifləyib. Hesab edirəm ki, mövcud rejim bu dəfə də vəziyyətdən çıxmağı bacardı. Gələcəklə bağlı konkret nəsə demək isə hələ tezdir. Amma istənilən halda düşünürəm ki, fikirlərim nə qədər qəribə səslənsə də, İran bu proseslərdən qalib çıxdı. Amerika da İranın Venesuela olmadığının fərqindədir. Məhz buna görə də İranla bağlı açıq və qəti addım atmaq istəmədi. Amerika ən yaxşı halda İranı, dırnaq arası desək, cəzalandırmaq üçün yenidən İsrail variantına əl ata bilər. Yəni İsrail vasitəsilə İrana müəyyən zərbələr vurmağa çalışa bilər. Amma özü birbaşa İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək.
Ümumiyyətlə, hesab edirəm ki, ABŞ heç vaxt İranla açıq şəkildə müharibəyə girməyəcək. Çünki bu region ABŞ üçün asan və risksiz bölgə deyil. Bunu ABŞ özü də çox yaxşı bilir. Bu regionda dünyanın əsas supergüclərindən biri olan Rusiya yerləşir. Rusiya özünə yaxın hesab etdiyi İranın ABŞ tərəfindən açıq şəkildə vurulmasına göz yuma bilməz. Doğrudur, İsrailin hücum etdiyi 12 günlük müharibə və sonrakı proseslər zamanı Rusiyanın susqunluğu ilə bağlı fikirlər səsləndirildi. Amma Rusiya heç vaxt İranın tamamilə sıradan çıxarılmasına imkan verə bilməz. Ümumiyyətlə, İrana qarşı Amerikanın açıq şəkildə hərbi əməliyyatlara başlamasına şərait yaradılmaz”.
Bəsti Rəfizadə
Sfera.az