Slovakiyada yerləşən Vlkolínec kəndinin sakinləri UNESCO-nun Dünya İrs Siyahısı statusunun ləğvini tələb ediblər. Bu, tarixdə nadir və diqqətçəkən hadisə kimi qiymətləndirilir.
Sfera.az xəbər verir ki, Karpat dağlarında yerləşən və 1993-cü ildən UNESCO siyahısında olan kənd orta əsr memarlığını qoruyub saxlayan 45 taxta evdən ibarətdir. Lakin bu status hər il minlərlə turistin axınına səbəb olur.
Kənd sakinləri turistlərin şəxsi məkanlarına müdaxilə etdiyini, evlərin bağlarına daxil olub pəncərələrdən şəkil çəkdiklərini bildirirlər. Onların sözlərinə görə, UNESCO qaydaları da gündəlik həyatı çətinləşdirir.
“UNESCO bizi turistlər üçün zooparka çevirib”, – deyə kənd sakinlərindən biri yerli mediaya bildirib.
Vlkolínecin ən yaşlı sakini Anton Sabucha isə sərt qoruma qaydaları səbəbindən artıq mal-qara saxlamağın və əkinçiliklə məşğul olmağın mümkün olmadığını deyib.
Hazırda kənddə cəmi dörd ailə yaşayır və onların əsas tələbi UNESCO statusunun ləğv edilməsidir.
Aynil