Avstraliya 16 yaşdan kiçik yeniyetmələrin “TikTok”, “YouTube” və “Instagram” kimi sosial media platformalarında hesab açmasını qadağan etməklə dünyada misli görünməmiş bir addım atıb. Qərarın uzunmüddətli nəticələri hələlik məlum olmasa da, təşəbbüs qlobal müzakirələrə səbəb olub.


 


Sfera.az xəbər verir ki, psixologiya professoru Keyt Hamfris bu qadağanı spirtli içki, narkotik və siqaretə qoyulan yaş məhdudiyyətləri ilə müqayisə edərək onu dəstəkləyib. Onun fikrincə, bu addım yeniyetmələrin psixoloji inkişafına zərər verə biləcək asılılıqların qarşısını qismən ala bilər.


 


Mütəxəssislər qeyd edirlər ki, qadağalar heç vaxt tam effektiv olmasa da, gənclərin riskli davranışlara çıxışını gecikdirir və onların yayılma səviyyəsini azaldır. Eyni vəziyyət alkoqol və tütün məhsullarına qoyulan yaş məhdudiyyətlərində də müşahidə olunub.


 


Tənqidçilər bəzi yeniyetmələrin qadağanı VPN və digər üsullarla aşacağını desə də, Avstraliya hökuməti cəzaların uşaqlara deyil, platformalara tətbiq ediləcəyini açıqlayıb.


 


Ekspertlər hesab edir ki, yeniyetməlik dövrünün yüksək neyroplastiklik mərhələsi olması sosial media asılılığının gələcək davranışlara ciddi təsir göstərdiyini sübut edir. Bu səbəbdən də Avstraliya təcrübəsi gələcəkdə digər ölkələr üçün nümunə rolunu oynaya bilər.


 


Qadağanın sosial təcrid, təhsil göstəriciləri və alternativ asılılıqlar kimi mümkün nəticələri zamanla üzə çıxacaq. Lakin aydın olan budur ki, bu qərar dünyanın texnologiya ilə münasibətinə dair yeni bir mərhələnin başlanğıcıdır.


 


Aynil