Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında sürətlə dərinləşən strateji tərəfdaşlıq yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət qazanır. Ortaq dəyərlər, regional maraqlar və nəqliyyat dəhlizləri üzərindən formalaşan yeni qlobal nizam Bakı-Əbu-Dabi əlaqələrini uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq modelinə çevirir.
Prezident İlham Əliyevin BƏƏ-yə səfəri bu strateji xəttin davamlılığının növbəti təsdiqi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Pərviz Mirizadə bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlər hazırda özünün intibah dövrünü yaşayır. Onun sözlərinə görə, iki ölkənin tərəfdaşlığını gücləndirən əsas amillər ortaq dini dəyərlər, müəyyən dövrləri əhatə edən tarixi yaxınlıq, eləcə də qlobal və regional geosiyasi dinamika ilə bağlıdır:
“Ərəb dünyasının üç əsas lokomotiv gücündən biri olan BƏƏ beynəlxalq müstəvidə, xüsusilə Yaxın Şərq və Afrikada artan fəallığı ilə seçilir. Müasir çağırışlara sürətli adaptasiya qabiliyyəti və fəal investisiya siyasəti fonunda Azərbaycanın iqtisadi və tranzit potensialı tərəflər üçün geniş əməkdaşlıq imkanları yaradır. Xüsusilə Cənubi Qafqazın qlobal güclərin diqqət mərkəzində olduğu bir dövrdə, regionun aparıcı dövləti kimi Azərbaycanın strateji mövqeyi Bakı–Əbu-Dabi tərəfdaşlığını daha da aktuallaşdırır”.
Siyasi şərhçi qeyd edib ki, mövcud geosiyasi reallıqlar, o cümlədən nəqliyyat dəhlizlərinə nəzarət üzərindən formalaşan yeni beynəlxalq nizam bu əməkdaşlığın perspektivlərini daha da genişləndirir:
“Prezident İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın mütəmadi qarşılıqlı səfərləri siyasi əlaqələrin bütün sahələr üzrə möhkəmləndiyini göstərir. İqtisadi dinamizmlə yanaşı, təhlükəsizlik məsələləri də ön plana çıxır və bu baxımdan iki ölkə hərbiçilərinin birgə təlimləri təcrübə mübadiləsi və mümkün risklərə hazırlıq baxımından əhəmiyyət daşıyır. Artan regional çağırışlar fonunda həyata keçirilən bu əməkdaşlıq Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərinin Bakı-Əbu-Dabi münasibətlərinin uzunmüddətli və strateji xarakter daşıdığının növbəti təsdiqi olduğunu göstərir”.
Niyaz Hacıyev
Sfera.az