Son 20 ildə Bakıda və ölkənin digər bölgələrində həyata keçirilən iri tikinti layihələri Azərbaycan memarlığında yeni mərhələ yaradıb. Bu tikililər yalnız funksional obyektlər deyil, həm də ölkənin iqtisadi gücünü və urbanistik inkişafını nümayiş etdirən simvollara çevrilib.


 


Tikinti xərclərinə görə xüsusilə bir neçə layihə seçilir və onlar Azərbaycanın ən bahalı memarlıq obyektləri sırasında yer alır.


 


Sfera.az bildirir ki, xərclərinə görə Azərbaycanın ən bahalı tikilisi Bakı Olimpiya Stadionu hesab olunur.


 



 


2015-ci ildə Avropa Oyunları üçün inşa edilən stadionun tikintisinə müxtəlif mənbələrə əsasən 600-700 milyon ABŞ dollarına yaxın vəsait sərf olunub. 68 minə yaxın tamaşaçı tutumu olan bu arena UEFA və FIFA standartlarına cavab verir və ölkədə indiyədək reallaşdırılan ən iri idman infrastrukturu layihəsidir.


 


İkinci sırada SOCAR Tower qərarlaşıb.


 



 


Azərbaycan Dövlət Neft Şirkətinin baş ofisi kimi fəaliyyət göstərən bu göydələnin tikintisinə rəsmi məlumatlara əsasən 417 milyon ABŞ dolları xərclənib. 2016-cı ildə istifadəyə verilən bina 200 metrdən artıq hündürlüyü ilə Bakının əsas biznes və korporativ simvollarından biri sayılır.


 


Bakının siluetini formalaşdıran “Alov qüllələri” (Flame Towers) kompleksi isə üçüncü ən bahalı layihədir.


 



 


Üç qüllədən ibarət kompleksin tikintisinə müxtəlif mənbələrə görə 350-400 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Otel, yaşayış və ofis funksiyalarını birləşdirən bu layihə LED fasad texnologiyası ilə Bakını dünya miqyasında tanıdan memarlıq nümunələrindən biridir.


 


Dördüncü sırada Heydər Əliyev Mərkəzi yer alır.


 


 



 


Dünya şöhrətli memar Zaha Hadidin layihələndirdiyi bu mədəniyyət kompleksinin yaradılmasına sərf olunan vəsaitlərin həcmi açıqlanmasa da, mütəxəssislərin hesablamalarına görə, bir belə mərkəzin inşası orta hesabla 200-300 mindən 1 milyon manatadək başa gəlir. Futuristik memarlıq üslubu və çoxfunksiyalı strukturu ilə Heydər Əliyev Mərkəzi Azərbaycanın beynəlxalq imicinə mühüm töhfə verən tikililərdən biri hesab olunur.


 


Siyahını Bakı Kristal Zalı tamamlayır.


 



 


2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi üçün qısa müddətdə inşa edilən bu arena üçün təxminən 190 milyon ABŞ dollarından artıq xərcləndiyi bildirilir. On minlərlə tamaşaçı tutumuna malik obyekt sonradan beynəlxalq idman yarışları və konsertlərin əsas məkanlarından birinə çevrilib.


 


Qeyd edək ki, Xəzər adaları layihəsi çərçivəsində planlaşdırılan “Azerbaijan Tower” reallaşacağı təqdirdə ölkənin ən bahalı tikintisi ola bilərdi. Layihənin dəyəri 2-3 milyard ABŞ dolları həcmində qiymətləndirilsə də, göydələn tam şəkildə inşa edilməyib. Ümumilikdə, bu bahalı memarlıq layihələri Azərbaycanın urbanistik inkişaf strategiyasının əsas dayaqlarından biri kimi çıxış edir. Sözügedən tikililər paytaxtın beynəlxalq nüfuzunun artmasına, turizm və biznes imkanlarının genişlənməsinə xidmət edir.


 


Firuzə Əliyeva


Sfera.az