Adətən qış və yay aylarında istənilən ölkədə turizm sektorunda canlanma müşahidə olunur. Azərbaycanda da qış turizmi yay turizmi qədər inkişaf edib.
Ölkəmizdə qış turizminin əsas mərkəzləri Qusar (Şahdağ), Qəbələ (Tufandağ) və Naxçıvanın dağlıq əraziləridir.
Sfera.az-a açıqlama verən turizm eksperti Cəfər Qarayevin sözlərinə əsasən, 2013-cü ildən etibarən ölkədə yay turizmi ilə yanaşı qış turizmi mövsümü də formalaşıb və aktiv fəaliyyət göstərməyə başlayıb.
Onun fikirlərinə görə, ilboyu Azərbaycanda turistlərin qəbulunu müşahidə etmək mümkündür:
“Şahdağ turizm kompleksi ilə yanaşı, daha sonra Qəbələdə qış turizm kompleksi quruldu. Ardınca Naxçıvan Muxtar Respublikasında üçüncü qış turizm kompleksi açılaraq fəaliyyətə başladı. Eyni zamanda, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da bir neçə qış turizm kompleksinin tikintisi davam edir. Bütün bunlarla yanaşı, təbii ki, yay aylarında ölkəmizə daha çox turist gəlir. Qış mövsümündə turist sayı yayla müqayisədə nisbətən az olur. Bunun əsas səbəbi Azərbaycana ən çox turist göndərən ölkələrdə qış turizmi infrastrukturlarının mövcud olmasıdır. Həmin ölkələrin öz şəhərlərində qış turizm və xizək kompleksləri fəaliyyət göstərir. Fars körfəzi ölkələrindən gələn turistlər isə öz ölkələrində bu cür komplekslər olmadığı üçün Azərbaycana üz tuturlar. Lakin hava şəraitinin daha çox qarlı və soyuq olması onların bu iqlimə uyğunlaşmasına müəyyən qədər təsir göstərir”.
Ekspert turistlərin qarlı və şaxtalı havalarda Azərbaycana səfərə çox da üstünlük vermədiklərini bildirib:
“Çünki onlar üçün daha uyğun temperatur müsbət 10-15 dərəcə hesab olunur. Halbuki onların yaşadıqları ölkələrdə qış aylarında temperatur əsasən 10-15, bəzən isə 20 dərəcə ətrafında olur. Bu baxımdan öz ölkələrində qalmaq onlar üçün daha rahatdır. Temperaturun mənfi 5-10 dərəcəyə düşməsi isə həmin turistlər üçün arzuolunan deyil. Digər bir məqam isə ondan ibarətdir ki, bu il Ramazan ayı qış mövsümünə təsadüf edir. Fevral ayının 19-dan martın 19-dək Fars körfəzi ölkələrindən Azərbaycana turist axınının demək olar ki, dayanacağını söyləmək olar. Çünki Ramazan ayında onlar oruc tutur, evlərini, ölkələrini və şəhərlərini tərk etmirlər, səyahətə çıxmırlar. Bu dövrdə turistlərin sayı əvvəlki illərlə müqayisədə azalır. Lakin yaz və yay aylarında turist axını yenidən artır. Hamımız uşaqlıqdan qışı, qarı və qarla oynamağı sevirik. İnsan böyüsə belə, içində həmişə bir az qış və qar sevgisi qalır. Bu səbəbdən qar yağan dövrlərdə insanlar daha çox qar olan bölgələrə, dağlıq ərazilərə səyahət etməyə üstünlük verirlər”.
C. Qarayev xizək məktəblərinin fəaliyyətə başlaması ilə qış turizm komplekslərində artıq gənclər, uşaqlar və qadınlar arasında həm həvəskar, həm də peşəkar xizək sürənlərin sayının ildən-ilə artdığını bildirib. O, bunun qış turizm potensialını da artırdığını qeyd edib:
“Bu, Azərbaycan cəmiyyəti üçün yeni bir tendensiyadır. Əvvəllər xizək sürmək istəyən vətəndaşlarımız qonşu ölkələrə və ya xizək infrastrukturu olan xarici ölkələrə üz tuturdular. Hazırda isə ölkə daxilində qış turizm və xizək komplekslərinin fəaliyyət göstərməsi xaricə bu məqsədlə gedənlərin sayına ciddi təsir göstərib. Çünki Azərbaycanda bunun üçün kifayət qədər imkan, infrastruktur və potensial mövcuddur. Bildiyiniz kimi, ölkədə qış turizmi ilə bağlı dünya və Avropa çempionatları, müxtəlif beynəlxalq yarışlar keçirilir. Artıq xarici turistlər də xizək turizmi məqsədilə Azərbaycana gəlirlər. Hazırda ölkədə fəaliyyət göstərən üç qış və xizək turizm kompleksi yerli əhaliyə xidmət edir. Gələcəkdə bu komplekslərin sayının artacağı gözlənilir. Bu isə qış turizmi, xizək turizmi və müxtəlif əyləncə növlərinin daha da inkişafına şərait yaradacaq. Xizək sürmə, snoubord və digər əyləncə növlərindən istifadə edənlərin sayı artacaq və nəticə etibarilə Azərbaycanda qış turizmi infrastrukturundan istifadə daha da genişlənəcək”.
Bəsti Rəfizadə
Sfera.az