Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin videokonfrans formasında keçirdikləri görüşdə İran ətrafındakı gərgin vəziyyəti də müzakirə ediblər. Putin İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani ilə baş tutmuş görüşü barədə də məlumat verib. 




Qeyd edək ki, hər iki ölkə ABŞ ilə yaranmış gərginlikdə İranı haqlı hesab edir. Belə bir qənaət formalaşıb ki, ABŞ İrana bu iki dövlətin dəstəyindən ehtiyatlanıb hücum planından imtina edə bilər. 


 


Bu ehtimal nə dərəcədə realdır?


 


Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Çingiz Şahbazinin sözlərinə görə, bu kimi görüşlər zamanı səsləndirilən bəyanatlar xüsusi diqqət mərkəzində saxlanılır: 


 





“Amma belə bəyanatlar heç də həlledici rol oynamır. Xüsusilə də İrana görə ABŞ-yə qarşı nə Çin, nə də ki Rusiya müharibəyə girməzlər və belə fikirləri də yoxdur. Burada sadəcə İranı müdafiə etdiklərini bildirməklə, İranla olan siyasi, iqtisadi və hərbi əməkdaşlıq əlaqələrini qoruyub saxlamaq və daha da inkişaf etdirmək məqsədi daşıyırlar. ABŞ-nin İranla bağlı siyasətində isə son günlər görünən yumşalmaların səbəbi, İranın rəsmi Vaşinqtonun Yaxın Şərqdə olan hərbi bazalarına və İsrailə qarşı istifadə edəcəyi ehtimal olunan hərbi gücün artırılması ilə bağlıdır. Heç şübhəsiz ki, bu istiqamətdə Çin və Rusiyanın rolu böyükdür. Bu baxımdan İranın əlində olan kifayət qədər uzaqmənzilli raketlər ABŞ və İsraili bu savaşa başlamaqda tərəddüd etməyə məcbur etdi və İranı tam hərbi əməliyyatlar vasitəsilə vurmaqdan çəkindirdi. Amma bu, heç də Tehrana qarşı Vaşinqtonun təzyiq alətlərindən imtina edəcəyi anlamını daşımır və ABŞ-nin İranla bağlı siyasətində geri çəkilmə ehtimalı çox zəifdir. Əlbəttə ki, ABŞ İranla bağlı hər hansı bir qərar qəbul etdiyi zaman şübhəsiz ki, Rusiya və Çin faktorunu nəzərə alır. Çin və Rusiyanın rolu İran məsələsində “çəki daşları” rolunda oynayan faktorlardır. Bu baxımdan Moskva və Pekinin açıq şəkildə İranı haqlı sayması Vaşinqton üçün beynəlxalq legitimliyi şübhə altına alır və beynəlxalq hüquqa qarşı Venesuela hadisələrindən sonra növbəti itaətsizlik kimi qəbul ediləcək”.




Ç.Şahbazi qeyd edib ki, Çin və Rusiya üçün İranda yeni bir cəbhə yaratmaq çox risklidir:


 


“Enerji bazarları, Hörmüz boğazı, neft qiymətləri və digər sahələrdə çökmələr ABŞ daxilində və müttəfiqləri arasında da siyasi baxımdan risklər yaradır. Bu səbəbdən ABŞ-nin İranla bağlı genişmiqyaslı müharibə riski aşağıdır və yeni sanksiyalar, təhdidlər, təzyiqlər və hətta məhdud zərbələr, kiberhücumlar davam edəcək və bu istiqamətdə işlərin dozası artırıla bilər. Əlbəttə ki, Rusiya və Çin bunu başa düşür və bu istiqamətdə verilən bəyanatları ABŞ-nin bu istiqamətdə yürütdüyü siyasəti dəf etmək və zəiflətmək üçün atılan addımlar hesab etmək olar”.




Fidan Hacızadə

Sfera.az