Avropa İttifaqı Türkiyə ilə üzvlük danışıqlarının yenidən başlanmasını yaxın perspektivdə gündəlikdə saxlamır.


 


Sfera.az xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos “Politico”ya açıqlamasında bildirib. O, Ankaraya planlaşdırılan səfəri ərəfəsində qeyd edib ki, Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqların bərpası hazırda Brüsselin planları arasında yer almır.


 


Komissarın sözlərinə görə, səfərin əsas məqsədi etimadın bərpası və iqtisadi münasibətlərin hər iki tərəf üçün daha səmərəli mexanizmlər üzərində qurulmasıdır. “Ankaraya səfərim etibarın yenidən qurulması və iqtisadi əlaqələrimizin necə daha yaxşı işləyə biləcəyini araşdırmaqla bağlıdır”, - Marta Kos vurğulayıb.


 


O əlavə edib ki, Aİ Türkiyə ilə münasibətlərini yenidən nəzərdən keçirməlidir, lakin bu, üzvlük danışıqlarının bərpası anlamına gəlmir. Komissarın fikrincə, hazırkı mərhələdə məqsəd Türkiyə ilə güclü və funksional tərəfdaşlıq modelinin formalaşdırılmasıdır. Marta Kos həmçinin diqqətə çatdırıb ki, Ukraynada mümkün sülh Avropadakı, xüsusilə Qara dəniz hövzəsindəki geosiyasi reallıqları dəyişə bilər. Bu baxımdan Türkiyənin Aİ üçün strateji əhəmiyyət daşıyan tərəfdaş olduğunu bildirib. Bununla yanaşı, Avropa Komissiyası Türkiyə, Mərkəzi Avropa və Cənubi Qafqazı əhatə edən “regionlararası əlaqə gündəliyinin inkişaf etdirilməsi” ilə bağlı araşdırmanı təqdim etməyə hazırlaşır.


 


Sənəddə Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dənizi birləşdirən Transxəzər Dəhlizi boyunca nəqliyyat, ticarət, enerji və rəqəmsal əlaqələrin gücləndirilməsi üçün tələb olunan investisiyalar əksini tapacaq. Türkiyənin Aİ-dəki səfiri Yaprak Balkan da “Politico”ya açıqlamasında Ankara ilə Brüssel arasında münasibətlərin qarşılıqlı maraqlar əsasında daha da möhkəmlənə biləcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Türkiyənin Aİ-yə üzvlük perspektivi bu münasibətlər üçün hələ də əsas yol xəritəsi olaraq qalır. Digər tərəfdən, Yunanıstan və Kipr Ankaradan konkret xoşməramlı addımlar görmədən münasibətlərin istiləşməsinə qarşı çıxırlar. Aİ rəsmilərinin bildirdiyinə görə, Kipr Türkiyədən öz gəmilərinin Türkiyə limanlarına girişinə icazə verilməsini tələb edir.


 


Firuzə Əliyeva


Sfera.az