ABŞ və İran arasında nüvə mövzusunda danışıqlar Omanda start götürüb. Tərəflərin bu gün keçirilən ilk görüşdə əsasən nüvə məsələlərini müzakirə etməsi gözlənilir.
Sfera.az xəbər verir ki, görüşdə İran tərəfini xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ni isə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edir.
Danışıqlarda Trampın kürəkəni Cared Kuşnerin də iştirak etdiyi bildirilib.
İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Abbas Əraqçi danışıqlar ərəfəsində Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi ilə görüş keçirib. Görüşdə İran-ABŞ nüvə danışıqları da daxil olmaqla ikitərəfli və regional məsələlər müzakirə olunub.
Qeyd edək ki, İran və ABŞ arasında nüvə müzakirələri 12 gün davam edən müharibədən sonra yenidən başlayıb. 2025-ci ilin iyununda İsrail və ABŞ-nin İrana qarşı hücumları səbəbindən dayandırılan diplomatik proses Türkiyə başda olmaqla region ölkələrinin səyləri nəticəsində yenidən canlandırılıb.
Bu gün Omanda keçirilən danışıqlarda uranın zənginləşdirilməsi və İranda yüksək səviyyədə zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılması əsas fikir ayrılığı mövzusu olaraq qalır.
İran nüvə proqramını atom bombası istehsalının qarşısını alacaq məhdudiyyətlər çərçivəsində saxlamaq qarşılığında sanksiyaların ləğvini tələb edir. ABŞ isə İranın uranın zənginləşdirilməsi fəaliyyətlərini tam dayandırmasını və yüksək səviyyədə zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılmasını istəyir.
Bundan əlavə, ABŞ administrasiyası İranın raket proqramını və regiondakı silahlı qruplara verdiyi dəstəyi də danışıqlar masasına çıxarmaq niyyətindədir. İran isə nüvə proqramından kənar mövzuların müzakirə olunmayacağını dəfələrlə bəyan edib.
Bəsti Rəfizadə
Sfera.az