ABŞ-nin xəzinə naziri Skott Bessent İranda baş verən valyuta böhranı və inflyasiyanın birbaşa ABŞ-nin tətbiq etdiyi strategiyanın nəticəsi olduğunu etiraf edib. O bildirib ki, Vaşinqtonun məqsədli şəkildə yaratdığı dollar qıtlığı İran iqtisadiyyatını çöküşə sürükləyib.
Sfera.az xəbər verir ki, Skott Bessent bu açıqlama ilə ABŞ Senatının Bankçılıq Komitəsində çıxış edərək, Prezident Donald Tramp administrasiyasının iqtisadi siyasəti ilə bağlı senatorların suallarını cavablandırıb.
ABŞ-nin İrana təzyiq imkanlarının genişləndirilməsi ilə bağlı suala cavab verən Bessent deyib ki, Xəzinə Nazirliyinin əsas alətlərindən biri ölkədə dollar qıtlığı yaratmaqdır. Onun sözlərinə görə, bu strategiya xüsusilə son aylarda ciddi nəticələr verib.
Nazir bildirib ki, ötən ilin dekabr ayında İranda ən böyük banklardan birinin çökməsi ilə proses kritik mərhələyə daxil olub:
“Banka hücum oldu. Ardınca Mərkəzi Bank pul çap etməyə məcbur qaldı. İranın milli valyutası sərbəst enişə keçdi, inflyasiya partladı və nəticədə İran xalqını küçələrdə gördük”.
Skott Bessent həmçinin İran rəhbərliyini də tənqid edərək bildirib ki, ölkə liderləri kütləvi şəkildə xaricə pul köçürürlər:
“İranlı liderlərin ölkədən çılğıncasına pul çıxardıqlarını açıq şəkildə görürük. Bu, onların sonun yaxın olduğunu bildiklərinin göstəricisidir”.
Qeyd edək ki, İranda rejimə yaxın dairələrin nəzarətində olan "Ayandeh Bank" ötən ilin oktyabr ayında təxminən 5 milyard dollar zərərə uğrayaraq müflis olub. Bank dövlət tərəfindən nəzarətə götürülüb, yaranmış maliyyə boşluğunu bağlamaq üçün Mərkəzi Bank böyük həcmdə pul emissiyasına gedib.
Bessent çıxışında Tramp administrasiyasının Rusiyaya qarşı sanksiya siyasətinə də toxunub. O bildirib ki, Ukrayna üzrə aparılan sülh danışıqlarının gedişindən asılı olaraq, Rusiyanın Qərb sanksiyalarından yayınmaq üçün istifadə etdiyi “kölgə tanker donanması”na qarşı əlavə sanksiyalar gündəmə gələ bilər.
Senator Endi Kimin bu istiqamətdə konkret öhdəliklə bağlı sualına cavab verən Bessent isə qeyd edib ki, məsələ sülh danışıqlarının nəticələrinə uyğun şəkildə dəyərləndiriləcək.
Bəsti Rəfizadə
Sfera.az