Son illər texnologiya bazarında maraqlı və bir qədər də narahatedici tendensiya formalaşıb. İstifadəçilər hər yeni smartfon, noutbuk və ya kompüter modelindən ciddi performans artımı gözlədiyi halda, reallıq tam fərqli mənzərə ortaya qoyur.


 


Sfera.az xəbər verir ki, aparıcı çip istehsalçıları, xüsusilə Çin şirkəti MediaTek, eləcə də Qualcomm, Intel və AMD köhnə prosessorları cüzi dəyişikliklərlə və ya ümumiyyətlə dəyişmədən yeni ad altında bazara çıxarırlar. Yəni texniki baxımdan köhnə olan avadanlıq, marketinq hiyləsi ilə “tam yeni məhsul” kimi təqdim edilir. Bu tendensiyanın ən bariz nümunəsi MediaTek-dir. 2022-ci ildə təqdim olunan və büdcə telefonlarında geniş istifadə edilən Helio G99 prosessoru sonradan Helio G99 Ultra, Helio G99 Ultimate, hətta Helio G100 adı ilə yenidən satışa çıxarılıb. Lakin spesifikasiyalar demək olar ki, eynidir: eyni nüvələr, eyni qrafik prosessor, eyni performans.


 


Oxşar vəziyyət Dimensity seriyasında da müşahidə olunur. Belə ki, Dimensity 6080 - əslində köhnə Dimensity 810, Dimensity 7020 - Dimensity 930-un surəti, Dimensity 7050 - Dimensity 1080, Dimensity 8020 - Dimensity 1100 ilə demək olar ki, eyni çipdir. Hətta bir vaxtlar flaqman sayılan Dimensity 1200 belə əvvəl Dimensity 1300, sonra isə Dimensity 8050 adı ilə “yenidən doğulub”. Qualcomm da geri qalmır.


 


Məşhur Snapdragon 778G, cüzi tezlik artımı ilə 778G Plus və daha sonra Snapdragon 782G adı altında təqdim edilib. Eyni yanaşma kompüter bazarında da var. Intel illər əvvəl buraxdığı Core i5-10400 prosessorunu demək olar ki, dəyişmədən Core i5-110 adı ilə yenidən satışa çıxarıb. AMD isə Ryzen seriyasında oxşar addımlar ataraq köhnə platformaları yeni adlarla bazara təqdim edir. Hətta istehsal texnologiyalarının adlandırılmasında belə “gözə pərdə asma” var. İntel-in 10 nm texnologiyası sadəcə ad dəyişdirilərək “İntel 7” kimi təqdim olunub, texniki olaraq isə heç nə dəyişməyib. Bu vəziyyətdə yalnız model adına baxaraq seçim etmək risklidir. Mütəxəssislər tövsiyə edir ki, müstəqil test və rəylərə baxılsın (NotebookCheck, AnandTech və s.), prosessorun real arxitekturası və texniki göstəriciləri araşdırılsın, “benchmark” nəticələri müqayisə edilsin.


 


Nəticədə, bazarda təqdim olunan bir çox “yeni” prosessor əslində köhnə texnologiyanın yeni adla satılan versiyasıdır. Bu, xüsusilə Çin istehsalçıları ilə yanaşı, Qərb nəhəngləri üçün də xarakterik hal alıb. İstehlakçılar isə aldadılmamaq üçün reklama yox, faktlara güvənməlidirlər.


 


Firuzə Əliyeva


Sfera.az