“YouTube” videoların müxtəlif dillərdə izlənməsini mümkün edən süni intellekt əsaslı avtomatik səsləndirmə (dublaj) funksiyasını yeniləyib. Platforma 27 dil dəstəyi ilə bu xüsusiyyətin artıq bütün istifadəçilər üçün açıq olduğunu elan edib.
Sfera.az xəbər verir ki, “Google”a məxsus platformanın verdiyi məlumata görə, həm məzmun istehsalçıları, həm də izləyicilər üçün nəzərdə tutulan avtomatik səsləndirmə texnologiyası mühüm yeniliklərlə təkmilləşdirilib.
İlk dəfə 2024-cü ildə məhdud sayda kontent istehsalçısı ilə sınaqdan keçirilən funksiya, videoların orijinal dildən başqa dillərdə də izlənməsinə imkan yaradır.
“YouTube” bildirib ki, avtomatik dublaj xüsusiyyəti məzmun istehsalçılarının videolarının daha geniş auditoriyaya çatmasına və kəşf edilmə ehtimalının artmasına şərait yaradır. Eyni zamanda, istəməyən istehsalçılar bu funksiyanı tamamilə deaktiv edə bilirlər.
Platformanın açıqlamasına əsasən, ötən ilin dekabr ayında gündə altı milyondan çox izləyici süni intellektlə səsləndirilmiş videolara baxıb. Robotik səs problemini aradan qaldırmaq üçün isə “İfadəli Nitq” (Expressive Speech) adlı yeni texnologiya tətbiq edilib. İngilis və ispan dilləri də daxil olmaqla səkkiz dildə istifadəyə verilən bu funksiya, danışanın səs tonunu və emosiyalarını qoruyaraq daha təbii səsləndirmə təqdim etməyi hədəfləyib.
İstifadəçilər “YouTube”un ayarlar bölməsində yer alan “Üstünlük verilən dillər” seçimi vasitəsilə səsləndirmə, başlıq və açıqlamalar üçün istədikləri dilləri müəyyən edə bilirlər. Bundan əlavə, şirkət tərcümə edilmiş səsin danışanın dodaq hərəkətləri ilə uyğunlaşdırılmasını təmin edən “Dodaq sinxronizasiyası” funksiyası üzərində də işlərini davam etdirir.
Avtomatik səsləndirməni aktivləşdirmək üçün istifadəçilər kompüter üzərindən “YouTube Studio” hesabına daxil olaraq sol menyudan “Ayarlar”, daha sonra “Ətraflı Ayarlar” bölməsini seçməlidirlər. Burada “Avtomatik səsləndirməyə icazə ver” seçimi aktiv edilməlidir. Əgər səsləndirmələrin yayımlanmadan əvvəl yoxlanılması arzu edilirsə, “Səsləndirmələri yayımlamadan əvvəl əl ilə nəzərdən keçirin” seçimi də işarələnə bilər.
Qeyd edək ki, yoxlama üçün bütün dillər və ya yalnız eksperimental dillər variantlarından birini seçdikdən sonra ayarları yadda saxlamaq kifayətdir.
Bəsti Rəfizadə
Sfera.az