Omanın paytaxtı Maskatda ABŞ və İran arasında nüvə danışıqlarının birinci raundu başlayıb. Bildirilib ki, danışıqlara ABŞ-dən Prezidentin xüsusi nümayəndəsi Stiff Uitkoff, İrandan isə xarici işlər naziri Abbas Əraqçi başçılıq edir.


 


Bu görüşdən müsbət nəsə gözləmək olarmı?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib ki, Maskatda ABŞ və İran arasında nüvə danışıqları ilə bağlı  hazırkı mərhələdə əsas məsələ yekun saziş deyil, prosesin idarə olunmasının təmin edilməsidir:


 





“İlk mərhələ adətən mövqelərin təqdim olunması, “qırmızı xətlərin” səsləndirilməsi ilə xarakterizə olunur. ABŞ üçün əsas prioritet İranın nüvə proqramının məhdudlaşdırılması və zənginləşdirmə səviyyəsinin nəzarət altına alınmasıdır. İran üçün isə sanksiyaların yumşaldılması əsas gündəmdir. Danışıqların davam etdiyi bir vaxtda regional təhlükəsizlik faktoru da mühüm rol oynayır. İsrail-İran xəttində gərginliyin qalması, ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğu və İranın regional təsir imkanları fonunda hərbi eskalasiya riski tam aradan qalxmayıb”.




Ü.Zülfiqar Omanın ev sahibliyi etməsinin də diqqətçəkən məqam olduğunu əlavə edib:


 


“Maskat əvvəlki illərdə də İran və Qərb arasında dolayı yollarla kanalların qurulmasında rol oynamışdı. Birinci raunddan dərhal yüksək nəticə gözləmək düzgün olmaz. Lakin danışıqların faktiki başlaması və davam etməsi artıq müsbət dinamikanın formalaşdığını göstərir. Əgər tərəflər mərhələli yanaşmanı seçsələr bu, daha geniş razılaşma üçün zəmin yarada bilər. Əsas sual tərəflərin bu prosesi nə qədər strateji səbrlə davam etdirə biləcəyidir. Əgər tərəflər nüvə zənginləşdirmə səviyyəsinin məhdudlaşdırılması və beynəlxalq nəzarətin bərpası üzrə razılığa gələ bilsələr, bu, Yaxın Şərqdə gərginliyin müəyyən qədər azalmasına səbəb ola bilər. Amma razılaşma əldə olunmazsa, risklər sürətlə artacaq. Hərbi toqquşma ehtimalı yüksələ bilər”.


 


Fidan Hacızadə

Sfera.az