İnsanları digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdən biri düşünmə qabiliyyətidir. Bəs riyazi əməliyyatlar yerinə yetirə bilən bir atın mövcud olduğunu desək, necə reaksiya verərdiniz?
Sfera.az bu mövzu ilə bağlı maraqlı hekayəni təqdim edir.
XX əsrin əvvəllərində Almaniyada yaşayan və “Ağıllı Hans” (Clever Hans) adı ilə tanınan bir at qeyri-adi bacarıqları ilə bütün Avropada məşhurlaşmışdı. Hans sadə toplama, çıxma, vurma və bölmə əməliyyatlarını yerinə yetirir, cavabları isə dırnağını yerə vurmaqla bildirirdi. Məsələn, “3 vur 4 neçə edir?” sualına dırnağını 12 dəfə vuraraq cavab verirdi.
Ağıllı Hans riyaziyyat müəllimi Vilhelm fon Ostenə məxsus idi. Osten atına uzun müddət təlim keçmiş, ona rəqəmləri və sadə məntiqi əməliyyatları öyrətmişdi. Hans “bəli” cavabı üçün başını bir dəfə, “xeyr” üçün isə yanlara yelləyirdi.
Atın şöhrəti Almaniya ilə məhdudlaşmayaraq digər ölkələrə də yayıldı. Bu qeyri-adi hadisə psixoloq Dr. Oskar Pfungstun diqqətini çəkdi və o, Hans üzərində elmi araşdırmalara başladı. Aparılan müşahidələr zamanı suallar bəzən yazılı, bəzən isə şifahi verilirdi və Hans uzun müddət düzgün cavab verməyə davam edirdi.
1907-ci ildə 13 alimdən ibarət “Hans Komissiyası” yaradıldı. Araşdırmalar nəticəsində məlum oldu ki, Hans yalnız sual verən şəxslə vizual təmas qurduqda və həmin şəxs cavabı bildikdə düzgün cavab verə bilir. Sual verən cavabı bilmədikdə isə Hans da yanılırdı.
Alimlər belə nəticəyə gəldilər ki, sual verənlər istəmədən mimika, bədən dili və üz ifadələri ilə Hansa ipucları ötürür, Hans isə bu qeyri-ixtiyari siqnalları oxuyaraq cavabını müəyyənləşdirirdi. Tamaşaçıların həyəcanı və alqışları da onun davranışına təsir göstərirdi.
Bu kəşf psixologiya elmində mühüm dönüş nöqtəsi oldu və insanın (və heyvanın) davranışına şüursuz təsirləri izah edən fenomen elmi ədəbiyyata “Ağıllı Hans effekti” adı ilə daxil edildi.
Aynil
Sfera.az