Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlər onun 2019-cu ilin avqustunda həbsxanada öldüyü gecə kamerasının yaxınlığında naməlum bir şəxsin ola biləcəyini göstərir. Bu fakt Epşteynin ölümü ilə bağlı rəsmi intihar versiyasına yenidən şübhələr yaradıb.




Sfera.az bildirir ki, ABŞ Ədliyyə Nazirliyinin yaydığı sənədlərə əsasən, Epşteynin ölüm gecəsi kamerasına başqa bir məhbusun daxil olmuş ola biləcəyi ehtimalı istisna edilmir. “Daily Mail” nəşrinin qeyd etdiyi kimi, bu məlumatlar hakimiyyət orqanlarının əvvəlki açıqlamaları ilə ziddiyyət təşkil edir.




FTB və ABŞ Ədliyyə Nazirliyinin Baş Müfəttiş Ofisinin hesabatına görə, Nyu-Yorkdakı Metropolitan İslah Mərkəzinin müşahidə kameralarında 9 avqust 2019-cu il tarixində saat 22:39 radələrində – Epşteynin huşsuz vəziyyətdə tapılmasından təxminən doqquz saat əvvəl – onun kamerasına aparan pilləkənlərdə narıncı rəngli bir fiqur qeydə alınıb.




Rəsmi versiyaya əsasən, Epşteyn 10 avqust səhər saat 6:30-dan sonra intihar edib və islah məmuru onu səhər yeməyi zamanı ölü vəziyyətdə aşkar edib. Həmin gecə kameralara nəzarət edən iki müşahidə cihazının isə “texniki nasazlıq” səbəbilə işləmədiyi bildirilib.




Hesabatda qeyd olunur ki, videoda görünən narıncı fiqur pilləkənlərlə hərəkət edən bir məhbus ola bilər. Lakin müfəttişlər həmin şəxsin sadəcə yataq dəstləri daşıyan və gündəlik işlərini yerinə yetirən biri ola biləcəyini də istisna etmirlər.




Xatırladaq ki, 2019-cu ildə ABŞ-ın yüksək vəzifəli rəsmiləri Epşteynin kamerasına ölüm gecəsi heç kimin daxil olmadığını qəti şəkildə bəyan etmişdilər. ABŞ-ın sabiq baş prokuroru Bill Barr müşahidə görüntülərini şəxsən izlədiyini və icazəsiz şəxslərin kameraya girmədiyini açıqlamışdı. Keçmiş FTB direktor müavini Dan Bongino da videolarda yalnız Epşteynin göründüyünü iddia etmişdi.




Lakin sonradan yayımlanan görüntülər ictimaiyyətdə suallar yaradıb. Belə ki, bəzi kadrların kəsildiyi, eləcə də video fayllarının metaməlumatlarında 2025-ci ilin may ayında çoxsaylı dəyişikliklərin edildiyi iddia olunur.




Sənədlər arasında Epşteynin Nyu-Meksikodakı “Zorro Ranch” mülkündə çalışmış keçmiş işçidən göndərilmiş e-poçt da yer alıb. Məktubda Epşteyn və Ghislaine Maxwellin göstərişi ilə zorakılıq nəticəsində öldüyü iddia edilən iki qızın ərazidə dəfn edildiyi irəli sürülür. Həmin e-poçtda Epşteynlə bağlı kompromat videoya keçid və materiallara çıxış üçün bitkoin tələb olunduğu da qeyd edilir.




Qeyd edək ki, Ceffri Epşteyn ölümündən bir neçə gün əvvəl bir vaxtlar 600 milyon dollar dəyərində qiymətləndirilən sərvətinin böyük hissəsinin Minskdə anadan olmuş nişanlısı Karina Şulyakın adına keçirilməsini nəzərdə tutan sənəd imzalamışdı.


 


Aynil


Sfera.az